TƏHSİL

Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb

MÜTDA direktoru bildirib ki, məktəbdənkənar təhsil müəssisələrinə şagirdlərin qəbulu elektronlaşdırılır, 20 pilot müəssisənin iştirak planlaşdırılır və Mk.edu.az elektron sistemi istifadəyə veriləcək.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb. Monitorinqlər nəticəsində 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət və şiddətli təhmət verilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov söyləyib.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisəslərində də nəzarət tədbirləri həyata keçirilir. Agentlik tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib. Proses 145 müəssisənin 107-ni əhatə edib. Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib", Eşqi Bağırov deyib.
MÜTDA direktoru bildirib ki, məktəbdənkənar təhsil müəssisələrinə şagirdlərin qəbulu elektronlaşdırılır, 20 pilot müəssisənin iştirak planlaşdırılır və Mk.edu.az elektron sistemi istifadəyə veriləcək.
"Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır. Prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır. Qeydiyyat Portal.edu.az veb səhifəsi vasitəsilə həyata keçiriləcək. Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş mk.edu.az bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək", Eşqi Bağırov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.