BAKI, 29 oktyabr - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Türkiyə xalqını milli bayramı - Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!"
Xatırladaq ki, bu gün qardaş Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd olunur.
1923-cü il oktyabrın 29-da ölkə parlamentinin Ankarada keçirilən iclasında Türkiyə Cümhuriyyəti elan edilib. Birinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) 158 deputatının hamısı qanun layihəsinin lehinə səs verib.
Həmin gün ölkənin ilk prezidentinin seçkiləri baş tutub. O, namizədliyi yekdilliklə təsdiqlənən Mustafa Kamal Atatürk olub.
Beləliklə, idarə forması məsələsi həll olunub və Türkiyə tarixində yeni səhifə açılıb.
Cümhuriyyət Gününə həsr olunmuş ilk bayram tədbirləri bir il sonra baş tutub və bu əlamətdar gün 1925-ci ildə rəsmi “milli bayram” statusu alıb.
Cümhuriyyət Günü münasibətilə ölkənin 81 vilayətinin hər birində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində və Şimali Kipr Türk Cümhuriyyətində bayram tədbirləri keçirilir.
Ənənəyə uyğun olaraq Türkiyə Prezidenti xalqa müraciətində Cümhuriyyətin yaranmasının ildönümü münasibətilə həmvətənlərini təbrik edir.
Türkiyə dövlətinin başçısı hökumət üzvləri, Baş Qərargah və ölkənin siyasi partiyalarının nümayəndələrinin müşayiəti ilə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.