BAKI, 29 oktyabr— Sputnik. Bazar iqtisadiyyatı olan ölkələrdə dövlət, qiyməti vergilərlə tənzimləməlidir, qiymət müəyyənləşdirilməməlidir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi hesab olunur?.
Bunu Milli Məclisin iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil:
“Bu, kölgə iqtisadiyyatının tərəfi ola bilər. Qeydiyyatdan keçməyən elə içkilər var ki, qeydiyyatdan keçən zavodların istehsal etdiyi içkilərdən daha keyfiyyətli ola bilər. İçkinin keyfiyyəti laboratoriyalarda müəyyənləşdirilməlidir. İkincisi, qiyməti artırmaq lazımdırsa, bunu insanların sağlamlığını əsas götürərək edərlər. Vaxtilə Qorbaçov da bu yolu getmişdi, bundan sonra saxta içkilərin sayı daha da artmışdı. Saxta içkilərə qarşı Qida Təhlükəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları ciddi mübarizə aparmalıdır. Spirtli içki aksizli maldır, 4,8 manat aksiz vergisi ödənilir. Bunu qaldırıb 10 manat edək. Əgər insanların sağlamlığını qorumaq istəyiriksə, onda “Əhalinin sağlamlığının qorunması” haqqında qanunu dəyişək. Dünyanın bir çox ölkəsində insanlar tütündən və alkoqoldan ziyan görürsə, məhkəmələrdə iddialar qaldırıla bilər”.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə bildirib ki, qiymət və keyfiyyət bir-biri ilə bağlı məsələdir: “Qiymət keyfiyyətə nəzarətin çox vacib alətlərindən biridir. Bu, bazar iqtisadiyyatının qaydalarına zidd deyil”.
O bildirib ki, bir çox ölkədə ucuz mala şübhəli yanaşılır: “Avropa ölkələrində orta qiymətdən aşağı qiymətə satılan malı heç kim almır. Çünki şübhəli hal olduğunu düşünürlər. Hər malın yoxlanması mümkün olmadığından qiymət amilindən malın keyfiyyətinə nəzarət üçün istifadə edilir. Bu, tək Azərbaycanda belə deyil".
Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Qeyd edək ki, Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Arağın minimum qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilir. Sənədə əsasən, bu dəyişiklik alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 7 fevral 2023-cü il tarixli Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb. Bu layihə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.
"Əhalinin sağlamlığı üçün təhlükə yaranır"
Sənədin izah hissəsində deyilir:
"Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb:
"Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq".
Komitə sədri vurğulayıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.
"Bazarda litri 1 manata olan araqlar var"
A.Əmiraslanov deyib ki, alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır:
"Qiymətin formalaşmasının prinsiplərinə görə, istehsalçı müəssisənin istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Bazarda litri 1 manata olan araqlar var. Amma hazırda 1 litr arağın aksiz vergisi 4,18 manatdır. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Sahibkar qanunsuz sahibkardırsa, keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.