Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad edilmiş ərazilərdə torpaqlar icarəyə veriləcək ?

Tahir Rzayev bildirib ki, azad edilmiş ərazilərdə tikinti, abadlıq, bərpa-quruculuq işləri gedir və minalardan təmizlənmiş torpaqlar da əkin dövriyyəsinə daxil edilir. Məskunlaşma davam edir və insanların torpaqdan səmərəli istifadə etməsi üçün şərait yaradılmalıdır.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. "Torpaq icarəsi haqqında" qanuna edilən dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydalarını nəzərdə tutur. Belə ki, artıq işğaldan azad edilmiş ərazilərdə möhtəşəm tikinti, abadlıq, bərpa-quruculuq işləri gedir və minalardan təmizlənmiş torpaqlar da əkin dövriyyəsinə daxil edilməkdədir. Digər tərəfdən, artıq əhali həmin ərazilərə köçürülür, məskunlaşma davam edir və insanların torpaqdan səmərəli istifadə etməsi üçün şərait yaradılmalıdır. Bu qanuna edilən dəyişikliklər məhz bu amillərdən qaynaqlanır.
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Sputnik Azərbaycan-a məxsusi açıqlamasında deyib.
Millət vəkili Tahir Rzayev
"Bu dəyişikliklər məşğulluğun təmin olunması baxımından vacibdir"
Komitə sədri bildirib ki, dəyişikliyə görə, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə müvafiq qurumun tələblərinə uyğun olaraq investisiya müsabiqələri yolu ilə icarəyə verilməsi nəzərdə tutulur:

"Qanuna edilən digər bir dəyişiklikdə isə göstərilir ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan insanlara kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə verilsin. Hər iki dəyişiklik vacib və əhəmiyyətlidir. İnvestisiya imkanları olan insanlar müsabiqə şərtlərinə əməl etməklə həmin torpaqları icarəyə götürə bilərlər və həmin torpaqlarda kənd təsərrüfatı məhsulları yetişdirmək imkanı əldə edəcəklər. İşğaldan azad edilmiş ərazilərə köçən, orada yaşayan insanlara isə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi o deməkdir ki, insanlar məşğulluqlarını artırsınlar. Həmçinin onlar torpaqlardan güzəştli şərtlərlə istifadə etməklə həm kənd təsərrüfatı məhsullarının artımına nail olsunlar, həm də özlərinin maddi vəziyyətlərini yaxşılaşdırsınlar".

"Bu dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına təkan verəcək, həm də insanların məşğulluğunun təmin olunması baxımından vacib və əhəmiyyətlidir", - komitə sədri Sputnik Azərbaycan-a açıqlamasında, əlavə edib.
Qanuna dəyişikliklər parlamentdə qəbul edilib
Qeyd edək ki, "Torpaq icarəsi haqqında" qanuna dəyişikliklər birinci oxunuşda parlamentdə qəbul edilib. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq qaydada kənd və qəsəbə sakinlərinə birillik və çoxillik əkinlərin aparılması üçün güzəştli şərtlərlə icarəyə veriləcək.
Deputat: "Keçmiş təcrübədə əkinə yararlı, hətta pay torpaqları bəzi imkanlı sahibkarlar tərəfindən ya satın alınıb ya da uzun müddətli icarəyə götürülüb"
Müzakirələr zamanı deputat Bəxtiyar Əliyev bildirib ki, "Torpaq icarəsi haqqında" qanuna edilən dəyişikliklər olduqca əhəmiyyətlidir:
"Belə ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni vandalların dağıtdığı şəhərlər, qəsəbələr və kəndlər yenidən qurulmaqla yanaşı, həm də torpaq sahəsi minalardan, partlamamış döyüş sursatlarından təmizlənərək, yenidən yararlı hala salınaraq insanların istifadəsinə verilir. Həmin torpaqlarda sənayenin və kənd təsərrüfatının inkişafı böyük məbləğdə maliyyə vəsaiti tələb edir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsi məntiqlidir. Ona görə məntiqlidir ki, keçmiş təcrübədə əkinə yararlı torpaqlar, hətta pay torpaqları maliyyə vəsaitinin azlığı və ya qeyri-sağlam rəqabət nəticəsində bəzi imkanlı sahibkarlar tərəfindən ya satın alınıb ya da uzun müddətli icarəyə götürülüb. Lakin hökumət tərəfindən yaradılmış komissiyaların araşdırmaları nəticəsində müəyyən edilib ki, həmin kənd təsərrüfatı torpaqları bəzi hallarda istifadəsiz saxlanılıb, ya da təyinatı üzrə istifadə edilməyib. Vətəndaşların müraciətləri əsasında bir sıra hallarda qanun pozuntuları da müəyyən edilib. Müəyyən edilən bu nöqsanlar və onların səbəbləri müvafiq qurumlar tərəfindən təhlil edilməli və işğaldan azad edilmiş ərazilərdə nəzərə alınmalıdır".
Bəxtiyar Əliyev
Deputat bildirib ki, ikincisi, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi təqdirəlayiqdir və ədalətlidir:

"Çünki kənd yerlərində insanların əsas gəlir mənbəyi zəhmətlə becərdikləri torpaqdır. Eyni zamanda "Torpaq icarəsi haqqında" qanuna edilən bu dəyişikliklər insanlarda çaşqınlıq yaratmamalıdır. Onlar dəqiq bilməlidirlər ki, bu dəyişikliklər onların azad edilmiş ərazilərdə həyata keçiriləcək torpaq islahatı nəticəsində əldə edəcəkləri pay torpaqı hüququndan qətiyyən məhrum etmir. Çünki "Torpaq islahatı haqqında" qanunda birmənalı şəkildə göstərilir ki, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması həyata keçiriləcək".

Deputat Bəhruz Məhərrəmov da bildirib ki, işğaldan azad edilmiş ərazilər 4 il öncəyə qədər bizim üçün faktiki olaraq əlçatmaz idi:

"2020-ci ilin noyabrına qədər işğal altında olan, talan edilən, vandalcasına istismar edilən, minalanmış həmin torpaqların bu gün isə iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində hüquqi bazasını müəyyən edirik".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
Prezidentin xüsusi nümayəndəsi: "Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb"
Xatırladaq ki, bu yaxınlarda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov mediaya açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə gerçəkləşən bütün tədbirlər və layihələr kimi, torpaq islahatı da həyata keçirilir: "İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb və bu işçi qrupu öz fəaliyyətini davam etdirir. Artıq bununla bağlı bir neçə ölkəyə səfər olunub, beynəlxalq təcrübə araşdırılıb. Torpaq islahatının ən optimal şəkildə təşkil olunması üçün müxtəlif təhlillər aparılır".
Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir
Əlavə edək ki, "Torpaq icarəsi haqqında" qanun Azərbaycanda dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.
Qanuna görə, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Komitə sədri: Ölkə ərazisində 500 mindən çox qeydiyyatsız, sənədsiz ev, tikinti var