BAKI, 29 oktyabr — Sputnik. ABŞ Xəzinədarlığı Çinin hərbi sahədə istifadə edə biləcəyi texnologiyalara ABŞ investisiyalarını məhdudlaşdıran qaydalar dərc edib. Söhbət yarımkeçiricilər və mikroelektronikadan, kvant informasiya texnologiyalarından və süni intellekt sahəsindən gedir. ABŞ vətəndaşlarından müvafiq əməliyyatlar barədə Xəzinədarlıq Departamentini xəbərdar etmələri tələb olunur. Yeniliklər 2 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.
Qeyd edilir ki, bu cür investisiyalar Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün kəskin təhdid yaradır. Xəzinədarlıq rəhbərinin investisiya təhlükəsizliyi üzrə köməkçisi Pol Rozen deyib ki, ABŞ administrasiyası kritik, qabaqcıl texnologiyaların təhlükəsizliyimizi təhdid etmək üçün onlardan istifadə edə biləcək şəxslərin əlinə keçməsinin qarşısını almağa sadiqdir.
"ABŞ sərmayələri narahatlıq yaradan ölkələrə hərbi, kəşfiyyat və kiber imkanlarını inkişaf etdirmək üçün istifadə edilməməlidir", Rozen deyib.
Ağ Ev bildirib ki, rəsmilər Çinin ordusunun modernləşdirilməsi üçün vacib olan əsas texnologiyaları inkişaf etdirmək cəhdlərinin qarşısını almaqla ABŞ-ın təhlükəsizliyini təmin etmək istəyirlər. Məhdudiyyətlərin Konqresin hər iki palatası, sənaye nümayəndələri və xarici müttəfiqlərlə məsləhətləşmələrdən sonra tətbiq edildiyi bildirilir.
Qlobal yarımkeçiricilər sənayesi assosiasiyası olan SEMI-nin məlumatına görə, Çin 2024-cü ilin birinci yarısında çip istehsalı avadanlığına 24,73 milyard dollar xərcləyib. Bu, onun bütün əsas rəqiblərinin: Cənubi Koreya, Tayvan, Yaponiya və ABŞ-ın eyni dövrdəki toplamından çoxdur. ABŞ-ın Çin şirkətlərinə qabaqcıl mikroçiplərin satışına ciddi məhdudiyyətlər tətbiq etməsindən sonra Çin səlahiyyətliləri yarımkeçirici istehsalına investisiyaları artırmağa başlayıblar. Bu il assosiasiyanın proqnozuna görə, Çinin istehsal xərcləri 35 milyard dolları keçəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.