İQTİSADİYYAT

Kartdan karta köçürmələrə nəzarət artırıldı - Qanuna zidd hallar baş verir

Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyənləşdirilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
Vergi nəzarəti gücləndirilib
Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib.

"Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur", - məlumatda bildirilir.

Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.
Bank kartı ilə ödəniş, arxiv
İstehlakçıların hüquqları pozulur
Qeyd olunur ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır.

"Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar istehlakçıların "ƏDV geri al" hüququndan məhrum olması ilə nəticələnir. Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər", - məlumatda bildirilir.

Xatırladaq ki, adıçəkilən qanun istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,7 dəfə artıb