SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan seçkiləri geridə qaldı: Gürcülər arzusuna çatdımı?

Millət vəkili deyir ki, Zurabaşvilinin müxalifəti mitinqə çağırması onun sonuncu şansı kimi qəbul edilə bilər.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Qonşu Gürcüstanda parlament seçkisi başa çatdı. Gürcüstan MSK-nın məlumatına görə, 3111 məntəqədən 3110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04 %; "Vahidlik – Milli Hərəkat" 10,16 %; "Güclü Gürcüstan" 8,81 %; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77 % səs yığıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili və müxalifət seçkinin nəticələrinin qəbul etmədiklərini bəyan ediblər. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili isə bildirib ki, seçkinin nəticəsinə etiraz edən müxalifət dövlət çevrilişinə hazılaşır.
Gürcüstan Prezidenti Salome Zurabişvili
Seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Arzu Nağıyev bildirir ki, Gürcüstanda seçkinin nəticələri növbəti siyasi proseslərin baş tutması üçün cığır açacaq:

"Bilirsiniz ki, Zurabişvilinin impiçment məsələsi bu ölkənin gündəmində idi. Hazırkı nəticələrə əsasən hakim partiya impiçment prosesini icra edəcək. Bu baxımdan Zurabişvilinin müxalifəti mitinqə çağırması onun sonuncu şansı kimi qəbul edilə bilər. Əgər hər hansı bir qarşıdurma olsaydı, bu seçki vaxtı baş verərdi. Bu gün artıq mitinqlərə çağırış özünü doğrultmayacaq. Gürcüstan xalqı özünün seçimini edib".

Millət vəkili qeyd edir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter daşıyır və Gürcüstanda sabitliyin olması bizim ölkəmizin də maraqlarına cavab verir:
"Azərbaycan Prezidentinin də seçkilərdən sonra Gürcüstan hökumət başçısını təbrik etməsi və onu ölkəmizə səfərə dəvət etməsi münasibətlərimizin xarakterini səciyyələndirir. Unutmaq lazım deyil ki, Gürcüstanda çox sayda azərbaycanlı yaşayır və onlarla bağlı görüləcək iş əhəmiyyət kəsb edir. Bu gün Gürcüstanla normal münasibətlərimiz var. Hesab edirəm ki, Zurabişvilinin nəticələri tanıyıb-tanımamasından asılı olmayaraq ümumi konsensusa gəlinəcək. Hazırki iqtidar Gürcüstanı idarə edə biləcək vəziyyətdədir".
Arzu Nağıyev
Politoloq Elşən Manafov isə deyir ki, Gürcüstandakı parlament seçkiləri bu ölkədə müharibə və sülh, əxlaqsız təbliğat və ənənəvi dəyərlərə vətəndaşların münasibətinin sərgilənməsi baxımından referenduma bərabər hadisə olmaqla, həm də geosiyasi məzmun və əhəmiyyət kəsb edib.
Onun sözlərinə görə, seçkilərdə "Gürcü Arzusu"nun qələbəsi ölkənin gələcək inkişafı və yol xəritəsi ilə bağlı məsələlərə aydınlıq gətirməklə regionun geosiyasi konfiqurasiyası uğrunda mübarizəyə də ciddi təsir göstərəcək:

"Ölkədə və regionda hadisələrin sonrakı axarına Qərb yönümlü müxalifətin hadisələrə necə münasibət sərgiləyəcəyi ciddi əhəmiyyət kəsb edəcək. NATO, ATƏT, Aİ-nin ölkədəki diplomatik nümayəndəlikləri seçkilərin legitim, azad rəqabət şəraitində keçdiyini bəyan etsələr də, Gürcüstana münasibətin onun Qərbə inteqrasiya ilə bağlı mövqeyindən asılı olaraq müəyyənləşəcəyini bildiriblər. Gürcüstan prezidenti Saloma Zurabişvili MSK nin seçkilərlə baglı yekun qərarını gözləmədən qərbyönümlü müxalifətin seçkilərdə qalib gəldiyini elan edib. Müxalifət isə siyasi pərakəndəliyi aradan qaldıraraq birgə hökumət formalaşdıra biləcəyinə ümidlərini itirmir".

Elşən Manafov
Politoloq hesab edir ki, bu, Qərbdən siqnal olacağı təqdirdə müxalifətin ölkəni qarışdırmaq, onu vətəndaş qarşıdurmasına sürükləmək üçün cəhdlər edəcəyini düşünmək olar:

"Bu seçkilərdə "Gürcü Arzusu"nun qələbəsi Cənubi Qafqazda Qərb və Qlobal Cənub arasında gedən geosiyasi mubarizəyə ciddi təsir göstərəcək. Qərbin regionda geosiyasi balansı artıq birmənalı şəkildə öz xeyrinə dəyişmək imkanları bu seçkilərdən sonra yetərincə məhdudlaşacaq və bu faktor Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmiş Paşinyan iqtidarının da perspektiv durumuna təsirsiz ötüşməyəcək. Ermənistanın Gürcüstan üzərindən silahlandırılması xeyli çətinləşəcək, onun Gürcüstan dəmir yolu ilə Avropa bazarlarına çıxış imkanları məhdudlaşacaq".

Politoloq hesab edir ki, Ukrayna ilə məlum savaşı öz xeyrinə adladıqdan sonra Rusiya Ermənistana təsir rıçaqlarının daha da artmasına nail olacaq və məlum təzyiqlər Ermənistan iqtidarını regionun təhlükəsizlik problemlərinə Qərbin deyil, region dövlətlərinin maraqları prizmasından yanaşmağa sövq edəcək.
"Qərbin Ermənistana dəstək üçün imkanlarının məhdudlaşması Paşinyan iqtidarını konyuktur maraqları naminə güzəştlərə getməyə sövq edə bilər. Hər şey Gürcüstan hakimiyyətinin qarşıdakı günlər ərzində ölkədə sabitliyi və qanunçuluğu qorumaq, ictimai asayişin pozulmasına yol verməmək üçün siyasi iradə və qətiyyətindən asılı olacaq. Gürcüstanın formalaşacaq yeni hakimiyyətin legitimliyinin kollektiv Qərb tərəfindən tanınması təkcə bu ölkədə deyil, bütövlukdə regionda dayanıqlı sabitliyin bəqrərar olmasına təsirini göstərəcək", - politoloq qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
BÖLGƏ
Gürcüstanda seçkilərin mümkün nəticələri nə vəd edir?