BAKI, 27 oktyabr - Sputnik. Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib.
Sputnik Gürcüstan-ın məlumatına görə, Zurabişvili bu qərarını parlament seçkilərində total saxtakarlığın olması ilə əsaslandırıb.
Gürcüstan prezidenti müxalifət partiyalarının liderlərinin iştirakı ilə keçirilən brifinqdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin bütün mümkün vasitələrdən istifadə etməklə tam saxtalaşdırıldığını qeyd edib.
Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 99,97 faizinin məlumatlarını emal etməsi nəticəsində “Gürcü arzusu” 53,92 faiz səs toplayıb. Bu nəticələri parlamentə daxil olan hər dörd müxalifət qüvvəsi tanımaqdan imtina edib. Bundan əlavə, onları dəstəkləyən QHT-lər seçkiləri saxtalaşdırmaq üçün kompleks sxem elan ediblər.
“Bu gün burada ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Biz çox qeyri-adi bir fenomenin şahidi olduq: bu, müxtəlif ölkələrdə və burada müşahidə olunan seçkilərin bütün mümkün üsullardan istifadə etməklə tam saxtalaşdırılması, səslərin total şəkildə ələ keçirilməsi idi” - Prezident deyib.
Onun sözlərinə görə, üstəlik, “saxtalaşdırmanın yuyulması” üçün müasir texnologiyalardan istifadə edilib.
Zurabişvili son seçkiləri xüsusi əməliyyat və xalqa qarşı “hibrid müharibənin” təzahürü adlandırıb və ölkə vətəndaşlarını oktyabrın 28-də dinc etiraz aksiyasına çağırıb.
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Məlumatda deyilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %, ”Vahidlik – Milli Hərəkat” 10,16 %, ”Güclü Gürcüstan” 8,81 %, ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs yığıb.
Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
Oktyabrın 26-da seçicilər Gürcüstan parlamentinə 150 deputat seçiblər. Mandatlar faktiki səslərin ən azı 5%-ni toplayan partiyalar arasında bölüşdürülüb.