DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrailin İrana zərbələri haradan endirdiyi bəlli olub - Yenilənib

İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyalarını vurmağa cəhd edib.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.
Bu iddia ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti çıxış edib.
Məlumatda qeyd olunub ki, İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyalarını vurmağa cəhd edib.
Qeyd edək ki, İraqda 2,5 minə yaxın Amerika əsgəri var. ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ildə ilk növbədə İŞİD terrorçularına qarşı mübarizə məqsədilə yaradılıb. Eyni zamanda Vaşinqton 900-ə yaxın amerikalı hərbçinin olduğu Suriyadakı hərbi kontingenti dəstəkləmək üçün İraqda mövcudluğunu saxlamağa çalışır.
***
İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölən əsgərlərin sayı 4-ə çatıb.
Bu barədə İran mediası məlumat yayıb.
"İslam Respublikası Ordusundan Məhəmməd Mehdi Şahruxi, Həmzə Cahandide, Səccad Mənsuri və Mehdi Nəqəvi şənbə günü İsrailin hücumlarında həlak olublar" - məlumatda bildirilib.
***
Tehranın cənubundakı Şəmsabad sənaye şəhərində yerləşən “Taksaz” zavodu İsrail ordusunun hücumuna məruz qalıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Hücumdan sonra bölgəyə bütün giriş yolları bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
***
İsrailin cavab hücumunda 2 İran əsgəri ölüb.
Bu barədə İran Ordusu məlumat yayıb.
“İran İslam Respublikası Ordusu İranın təhlükəsizliyini qorumaq, İran xalqı və mənafeyinə vurulan zərərin qarşısını almaq üçün ötən gecə cinayətkar İsrail rejiminin raket atışları ilə qarşılaşarkən iki əsgərini qurban verib” - "Tasnim" agentliyinin yaydığı İran ordusunun məlumatında deyilir.
BƏƏ-dən yayımlanan “Sky News Arabia” öz mənbələrinə istinadən xəbər verir ki, buna baxmayaraq, İslam Respublikası xarici vasitəçi vasitəsilə İsrailə onun gecə İran ərazisini bombalamasına cavab verməyi planlaşdırmadığı barədə məlumat verib.
İran tərəfinin məlumatına görə, zərbələr İlam, Xuzistan və Tehran əyalətlərindəki hərbi obyektlərə endirilib. İranın hərbi komandanlığı iddia edir ki, hava hücumundan müdafiə qüvvələri ümumilikdə hücumu dəf edə bilib və buna görə də hücumlardan dəyən ziyan məhdud olub.
Ötən gecə İsrail İranın hərbi obyektlərinə raket zərbəsi endirib. Ordunun mətbuat xidmətinin bu barədə bəyanatında deyilir:
“İranın hücumlarına cavab olaraq ordumuz hazırda İran hərbi obyektlərindəki hədəflərə zərbələr endirir. İsrailin İrana zərbələri yalnız hərbi hədəflərlə məhdudlaşacaq, İranın nüvə və neft obyektlərinə hücum edilməyəcək" - NBC İsrail rəsmisinə istinadən bildirib.
“Biz keçmişdə bizi təhdid etmiş və ya gələcəkdə bizi təhdid edə biləcək hədəfləri vururuq” - mənbə bildirib.
Kanal 12 İrandakı mənbələrə istinadən xəbər verir ki, İsrailin zərbələri Tehranın şərqinə və İslam İnqilabı Keşikçiləri Korpusunun komanda məntəqəsinə endirilib.
***
İranın hava hücumundan müdafiə qüvvələri bir dənə də olsun İsrail raketinin qarşısını ala bilməyib.
Bu barədə The Jerusalem Post məlumat yayıb.
Bildirilib ki, İsrail rəsmiləri İranın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin əksəriyyətinin qarşısını ala bildiyinə dair xəbərləri təkzib edib.
***
İran hökuməti İsrailin aviazərbələrindən 20 hərbi obyektin dağıldığı barədə xəbərləri təkzib edib.
"Tasnim" Agentliyinin yaydığı məlumata görə, bir qədər əvvəl “The New York Times“ nəşrinin hava əməliyyatında “F-35” də daxil olmaqla, 100 ədəd İsrail qırıcısının iştirakı ilə bağlı yaydığı informasiya da həqiqətə uyğun deyil:
“Aviazərbələrdən zərər çəkən nöqtələrin sayı dəfələrlə azdır. İsrail tərəfi belə məlumatları yaymaqla hücum cəhdinin zəif olması ilə bağlı həqiqətləri gizlətməyə çalışır”.
***
İsrail İranı ölkəyə aviazərbələr endiriləcəyi ilə bağlı üçüncü ölkələr vasitəsilə əvvəlcədən xəbərdar edib.
İsrailin “Axios” qəzetinin yazdığına görə, xəbərdarlıqda, həmçinin aviahücumlara cavab veriləcəyi təqdirdə daha qətiyyətli adekvat tədbirlərin görüləcəyi qeyd olunub.
Qəzet onu da yazıb ki, İsrailin bu xəbərdarlığı regionda eskalasiyaya və qarşılıqlı aviazərbələrə imkan verməmək olub.
***
İsrail ordusu İrana hücumun başa çatdığını açıqlayıb.
Bu barədə məlumat İsrail Ordusunun Telegram kanalında yer alıb.
Təyyarələrin sağ-salamat İsrailə qayıtdığı qeyd edilir.
***
İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib.
Bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında yer alıb.
İsrailin İrana hücumu nüvə və neft obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşıb.
25.10.24, 13:46
NYT: İran ordusuna əmr verildi
İsraildən cavab zərbəsi gözlədiyi bir vaxtda İran hakimiyyəti silahlı qüvvələrə müharibəyə hazır olmağı əmr edib. Bu barədə "Nyu-York Times" İran rəsmilərinə istinadən yazır. Eyni zamanda, nəşrin həmsöhbətlərinin fikrincə, Tehran qarşıdurmadan qaçmağa çalışacaq.
Dörd mənbənin NYT-yə verdiyi məlumata görə, İranın ali lideri Əli Xamneyi hərbçilərə İsrailin mümkün hücumuna cavab olaraq həyata keçiriləcək bir neçə hərbi plan hazırlamağı əmr edib. Onlar qeyd ediblər ki, Tehranın hərəkətlərinin miqyası əsasən İsrailin mümkün zərbələrinin nəticələrindən asılı olacaq.
Həmsöhbətlərdən birinin sözlərinə görə, İran hücuma yalnız neft, enerji və ya nüvə infrastrukturuna ciddi ziyan dəyəcəyi və böyük itkilər verəcəyi halda cavab verəcək.

"İsrailin hücumu simvolik və məhduddursa, biz onu buraxmalı və pinq-ponq hücumlarına son qoymalıyıq", - mənbə deyib.

Daha iki İran rəsmisi bildirib ki, İran buna cavab olaraq İsrailə 1000-ə qədər ballistik raket buraxa bilər. Onlar əlavə ediblər ki, Tehran həmçinin informasiya infrastrukturuna hücum edə, Fars və Hörmüz boğazları vasitəsilə daşımalara mane ola bilər.
İsrailin cavab verməsi gözlənilən iri raket zərbəsi İran tərəfindən oktyabrın 1-də həyata keçirilib. "Washington Post" yazıb ki, İsrail baş naziri ABŞ prezidenti Co Baydenə İranın hərbi obyektlərinə hücum planları barədə danışıb. Media həmçinin nüvə və ya neft obyektlərinə hücumların mümkünlüyü barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.