BAKI, 25 oktyabr — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı Şəhər Günü münasibətilə Qubadlının gələcək sakinləri üçün onun müasir və rahat şəhərə çevrilməsinin mərhələlərini və layihələri əks etdirən videoçarx paylaşıb. Videoda gələcək layihələr də öz əksini tapıb.
Qeyd edək ki, 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı həmin gün özünün tviter hesabında bununla bağlı paylaşım edib:
"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Məlumat üçün bildirək ki, Cəbrayıl və Zəngilan rayonlarının düşmən işğalından təmizlənməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidəki Qubadlıya gedən yolun açılmasında əhəmiyyətli rol oynayıb.
Qubadlının şərqindəki Cəbrayılda düşmən hərbi birləşmələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri və rayonun kəndləri işğaldan azad edilib. Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Rayonun 300-ə yaxın sakini könüllü olaraq Vətən müharibəsində iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu döyüşlərdən qazi kimi qayıdıb. Rayonun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov ən gənc yaşda - 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.
Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.