BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında turizm ən mühüm amildir və respublika rusiyalılar üçün ən populyar turizm istiqamətləri beşliyinə daxil olmağa çalışır. Bunu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev deyib.
"Turizm bu gün turizmdən daha çox şeyi ifadə edir, bu, yeni mərhələdə - müttəfiqli qarşılıqlı fəaliyyət mərhələsində olan ikitərəfli münasibətlərimizin inkişafında ən mühüm amildir. Biz artan turist axınını və ölkələrimizin, xalqlarımızın bir-birinə olan qarşılıqlı marağını qorumaq üçün əlimizdən gələni edəcəyik", - Mustafayev Azərbaycan Turizm Bürosunun Moskvadakı nümayəndəliyinin açılış mərasimində qeyd edib.
Onun sözlərinə görə, Rusiyadan turist axınının artmasına baxmayaraq, Azərbaycan yenə də Rusiya ictimaiyyəti və turistləri üçün tanınmamış ölkə olaraq qalır.
"Gəlin birlikdə işləyək ki, həcmlər həqiqətən də artsın. Mən çox istərdim ki, Azərbaycan səyahət üçün rusiyalı turistlərin ilk 5 istiqamətinə daxil olsun", - diplomat əlavə edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nümayəndəliyin açılmasının iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsini ifadə etdiyini vurğulayıb.
"Ofisin açılmasında əsas məqsəd təbii ki, Azərbaycanın turizm məhsullarını Rusiyada tanıtmaqdır. Nümayəndəlik Rusiya turizminin aparıcı nümayəndələri ilə əlaqələri inkişaf etdirəcək, reklam yerləşdirəcək, dövlət qurumları və media ilə əməkdaşlıq edəcək", - Nağıyev vurğulayıb.
Fuad Nağıyev
© Sputnik / Murad Orujov
O, həmçinin bildirib ki, iki ölkə arasında turizm mübadiləsinin göstəriciləri müsbət dinamika nümayiş etdirir.
"2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 564 min nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur", - Dövlət Agentliyinin sədri qeyd edib.
Nağıyev əlavə edib ki, Rusiyanın 24 şəhərindən Bakıya, Gəncəyə və Lənkərana aktiv uçuş proqramları, vizasız rejim və dil maneəsinin olmaması rusiyalı turistlərin Azərbaycana cəlb olunmasına kömək edir. O, rusiyalılar üçün əsas turizm təklifləri arasında Bakı və regionlara ekskursiya səfərlərini, Naftalan, Qalaaltı, Lənkəran şəhərlərinə Sağlamlıq turlarını, Şamaxı, İsmayıllı, Qəbələ şəhərlərinə şərab və qastronomik turlarını, Tufandağ və Şahdağa xizək turlarını, həmçinin Bakı və Qubada qolf turlarını xüsusilə qeyd edib.
Agentliyin sədri Rusiya turistləri üçün populyar istiqamətlər arasında Qarabağ və Şərqi Zəngəzur səfərlərini, eləcə də Naxçıvanda dağ turizmini qeyd edib.
Naftalan
© Sputnik / Ilham Mustafa
Azərbaycan Turizm Bürosunun Moskvadakı nümayəndəliyinin açılış mərasimində hər iki ölkənin turizm sənayesinin aparıcı nümayəndələri, həmçinin əsas dövlət xadimləri və tərəfdaşlar bir araya gəliblər. Tədbirdə iştirak edənlər arasında Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov, Moskva Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəis müavini Vyaçeslav Manuylov və azərbaycanlı məşhur iş adamı Emin Ağalarov da olub.
Ofis marketinq və media kampaniyalarını əlaqələndirəcək, tədbirlər təşkil edəcək və turizm agentliklərilə yanaşı media ilə qarşılıqlı əməkdaşlıq edəcək. Onun turizm şirkətləri və dövlət idarələri ilə əməkdaşlığın qurulması üçün mühüm platforma olacağı gözlənilir ki, bu da Rusiyadan Azərbaycana turist axınının artmasına kömək edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.