BAKI, 24 oktyabr — Sputnik. "Bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, buna baxmayaraq, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib:
"Məktəblərin sayı 4400 olanda bu 44 nəfər, təxminən 1% edir. Bu rəqəm sizə böyük gələ bilər. Lakin faiz nöqteyi-nəzərindən vakansiya 5-6 faiz olacaq, bu isə haradasa bir neçə yüz nəfər deməkdir. Bunun qarşısı alınmazdır. Əsas olan odur ki, bizim qaydamız, prosedurumuz var və ona uyğun olaraq prosesi davam etdiririk".
Nazir onu da vurğulayıb ki, bağçaları da sertifikatlaşdırma prosesinə cəlb etmək istiqamətində işlər görülür:
"Biz ilk növbədə başa düşməliyik ki, uşaq bağçalarında vəziyyət nə yerdədir. Buna uyğun olaraq, biz ölçmə alətlərimizi hazırlamalıyıq. Çünki əsas məqsəd sertifikasiyaya hazırlıqdır. Məktəb prosesindəki sertifikatlaşma prosesi daim artır və davam edəcək. Biz bağçaları da buraya qoşmaq istəyirik. Ümumilikdə, kifayət qədər qənaətbəxş nəticə göstərmiş, həm də təkmilləşməyə ehtiyacı olan tərbiyəçilər bağçalarda işləyirlər. Görüləcək işlərin həcmi kifayət qədər çoxdur. Bir sistemi sertifikatlaşdırmadan keçirməzdən öncə ona təlimlər də verilməlidir. Bu bizim əsas məntiqimiz olub. Buna görə də müəyyən təlim paketləri hazırlanır".
Emin Əmrullayev qeyd edib ki, bağça çox spesifik müəssisədir:
"Burada təhsil və qayğı məsələsi bir yerdədir. Tərbiyəçilər daha çox təhsil komponentindədirlər. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, bağçaların qayğı müəssisəsi olmaqla yanaşı, həm də təhsil müəssisəsi olduğunu unutmayaq".