BAKI, 24 oktyabr — Sputnik. Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub. Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavabda "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
E.Basqallı deyib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq. Həmin rayonlar Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusa, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa və Yardımlıdır. Hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada 7 qazanxana var.
Qurum sözçüsünün sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana var. 3871 yaşayış binası və 184 mindən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200 - dən çox təsərrüfat və sosial obyektlər "Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir.
O, bildirib ki, paytaxtın 4 rayonunda ümumilikdə 5 qazanxana yenidən qurulur. Paytaxtın Səbail, Nərimanov və Nizami rayonlarında 4 qazanxana yerində isə müasir tipli qazanxanalar inşa olunmaqdadır:
"Eyni zamanda da Səbail rayonunda bir qazanxana da zirzəmidən çıxarılaraq yeni layihə əsasında hazırlanır. Həmin qazanxanaların ətrafındakı məhəllədaxili xətlər də dəyişdirilir. İstiliklə təmin olunan binaların aşağı alt paylayıcı xətləri də dəyişdirilir. Bu da daha keyfiyyətli istilik xidmətinə imkan verəcək".
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi onu da əlavə edib ki, investisiya proqramları çərçivəsində yeni qazanxanalar tikilərsə digər binalar da, mərkəzləşmiş qaydada istiliklə təmin edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.