BAKI, 23 oktyabr — Sputnik. "Sabunçuda inşa etdiyimiz tunel tikinti norma qaydalarına uyğun inşa olunub. Biz tuneli inşa edib başa çatdırdıqdan sonra sifariş verən quruma təhvil vermişik. Həmin vaxt tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə inşa olunan nasosxana, nasoslar və transformator işlək vəziyyətdə olub".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında dünən iki nəfərin ölümü ilə nəticələnən, su basmış Sabunçu tunelinin tikintisini həyata keçirən "Körpü Bina Tikinti" MMC-nin direktor müavini Rüfət Göyüşov söyləyib. O qeyd edib ki, tunel və körpülər inşa edildikdən sonra onlara xidmət göstərmək sifariş verən təşkilatın üzərinə düşür.
"Bizim işimiz tuneli tikinti norma və qaydalarına uyğun, vaxtında tikib təhvil verməkdir. Tunelin istismarı, ona xidmət göstərilməsi artıq tuneli tikən şirkətin işi deyil. Ona qulluq etmək sifariş verən təşkilatın işidir. Ona görə də, mən tuneldə nasosların, digər avadanlıqların su basma hadisəsi zamanl işlək vəziyyətdə olub-olmadığını bilmirəm. Bunu aidiyyatı qurumdan soruşun. Bundan əlavə heç bir cavab vermək səlahiyyətində deyiləm. Zəhmət olmasa digər suallarınızı tunelə xidməti üzərinə götürən təşkilata yönləndirin", deyə "Körpü Bina Tikinti" MMC-nin rəsmisi bildirib.
Qeyd edək ki, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, sözügedən tunelin tikintisinə, "Körpü Bina Tikinti" MMC tərəfindən 2019-cu ildə başlanılıb. Tunelin tikintisini isə "Azərbaycan Dəmir Yolları"sifariş verib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, ola bilər tunelin tikintisi zamanı nöqsanlara yol verilib.
Sabunçu rayon MK Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu tunel onların balansında olmadığından, xidmət etmək də onların səlahiyyətində deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli də Sputnik Azərbaycan-a bildirib ki, hadisə baş verən tunelə xidmət göstərmək Agentliyə tabe olan yol idarələrinin səlahiyyətində deyil. O, tunelə qulluq göstərilməsinin, istismarını hansı qurumun həyata keçirdiyini sifarişi verən təşkilatdan soruşmağı tövsiyyə etdi.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat xidməti iki nəfərin ölümünə səbəb olmuş tuneldə hadisə baş verən gün müvafiq nasosxana və nasosların, eləcə də transformator və generatorların işlək vəziyyətdə olun-olmadığı barədə sualımızı belə cavablandırıb:
"21 oktyabr 2024-cü il tarixində günün ikinci yarısından etibarən Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm (aylıq normanın 306 %-i) olub. Yağan intensiv yağıntılarla əlaqədar dəmir yolunun Böyük Şor - Sabunçu hissəsində yeraltı tunelşəkilli avtomobil keçidində də su basması halı müşahidə olunub. Uzunluğu 288, hündürlüyü 8,5, eni isə 17 metr olan tuneldə suyun təxliyəsi üçün 310 m3/s gücündə 3 ədəd mühərrik mövcuddur. Mühərriklər fasiləsiz işləsə də, yağış sularının maililiyə görə bu istiqamətə axması və kanalizasiya lyuklarının tutulması nəticəsində tuneldə suyun səviyyəsi qalxıb. Fövqəladə halın aradan qaldırılması üçün aidiyyəti qurumlar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsinə baxmayaraq, tunelin sudan tamamilə təmizlənməsi mümkün olmayıb və tuneldə su qalıb. Əsas çətinlik ətraf ərazilərdən tunelə su axınının davam etməsi və mühərriklərin yüklənməsi ilə bağlıdır, suyun tuneldən çəkilib daha uzaq məsafəyə yönləndirilməsi üzərində iş aparılır."
Qeyd edək ki, yeraltı tunelşəkilli avtomobil keçidinin tikintisinə 2019-cu ilin may ayında başlanılıb və 2020-ci ilin fevral ayında istismara verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.