BAKI, 23 oktyabr — Sputnik. Dünyanı yeni iqtisadi böhran təhlükəsi gözləyir. Bunun səbəblərindən biri inkişaf etmiş ölkələrin xroniki borc yüküdür.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS-in genişləndirilmiş sammitinin iclasında bildirib.
Bundan əlavə, o qeyd edib ki, geosiyasi gərginlik artır, birtərəfli sanksiyalar, proteksionizm və haqsız rəqabət praktikası genişlənir.
Putin onu da bildirib ki, bu proseslərin birbaşa nəticəsi, xüsusən də inkişaf etməkdə olan ölkələrdə beynəlxalq ticarətin və xarici investisiya bazarının parçalanmasıdır.
Bundan əvvəl Rusiya Federasiyasının prezidenti yeni BRİKS investisiya platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, milli iqtisadiyyatları və qlobal Cənub və Şərq ölkələrini dəstəkləməyə yönəldiləcək.
Xatırladaq ki, Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edir. 30-dan çox ölkənin iştirak etdiyi sammit oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.