BAKI, 23 oktyabr — Sputnik. BRİKS dinamik inkişaf edir, onun dünya işlərində nüfuzu və təsiri güclənir. Bunu Rusiya prezidenti Vladimir Putin BRİKS-in dar formatda sammitini açaraq deyib.
Rusiya prezidenti Vladimir Putin BRİKS-in genişlənməsindən danışaraq qeyd edib ki, Qlobal Cənub və Şərq ölkələrinin birləşməyə görünməmiş marağını görməzdən gəlmək düzgün olmazdı.
Putin BRİKS ölkələri arasında əməkdaşlığın üç əsas istiqamətini və yeni üzv ölkələrin assosiasiyanın fəaliyyətinə inteqrasiyası istiqamətində görülən işləri açıqlayıb.
"Biz üç əsas sahədə dövlətlərimizin çoxşaxəli əməkdaşlığının dərinləşməsinə hər cür töhfə vermişik: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar təmaslar", dövlət başçısı BRİKS ölkələrinin dar iclasında bildirib.
Rusiya prezidenti BRİKS tərəfdaş ölkələrinin siyahısının formalaşdırılmasını və bunun Kazan sammitinin yekun bəyannaməsində qeyd edilməsini təklif edib.
"Yohannesburqda biz assosiasiyamızın tərəfdaş dövlətlərinin üsullarını və kateqoriyalarını inkişaf etdirmək və bu statusu almaq üçün ölkələrin siyahısını formalaşdırmaq barədə razılığa gəldik. BRİKS sammitində iştirak edən ölkələr sözdə deyil, əməldə dünyadakı vəziyyətə görə məsuliyyət nümayiş etdirirlər. Bütün dövlətlərimiz bərabərhüquqluluq, mehriban qonşuluq və qarşılıqlı hörmətin tərəfdarıdırlar, yüksək dostluq və harmoniya ideallarının təsdiqi, ümumbəşəri firavanlıq və rifah üçün sözdə deyil, əməldə çıxış edirlər. BRİKS qlobal sabitlik və təhlükəsizlikdəki vəziyyətə həqiqətən müsbət təsir göstərir", Putin bildirib.
Məhdud tərkibdə keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri qlobal gündəliyin ən aktual aspektlərini müzakirə etməyi, BRİKS dövlətləri arasında beynəlxalq arenada əməkdaşlıq mövzusu, o cümlədən bir sıra kəskin regional münaqişələrin həlli ilə bağlı fikir mübadiləsi aparmağı planlaşdırırlar. İştirakçılar, həmçinin assosiasiya çərçivəsində gələcək maliyyə əməkdaşlığı kontekstində yaranan vəziyyəti və iştirakçıların sayının daha da genişləndirilməsi məsələsini müzakirə edəcəklər.
BRİKS ölkələrinin liderləri bir gün əvvəl ünsiyyətə başlayıblar. Kazan şəhər meriyasında sammitin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə qeyri-rəsmi nahar keçirilib.
Oktyabrın 22-də 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Kazan BRİKS sammiti işə başlayıb. Sammit ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən Rusiya Federasiyasının assosiasiyaya sədrliyi çərçivəsində yekun tədbir olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.