İQTİSADİYYAT

Azərbaycanda plastik qablardan asfalt yollar çəkilsin - Deputat

Razi Nurullayev bildirib ki, yüz milyonlarla plastik qablar istifadə olunur və atılır. Bu yaxınlarda Sinqapurla bağlı video izlədim. Orada plastik qabların təkrar emalından gözoxşayan asfalt yollar çəkilir.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. "Hər il Azərbaycanda yəqin ki, yüz milyonlarla şüşə və plastik qab istifadə olunaraq zibilliyə atılır. Kəlbəcərin "İstisu" mineral suyunu almışam, boş şüşəsini zibil qutusuna atmağa heyfim gəlir, eyni şəkildə "Sirab", "Badamlı" və digər sular. Biz milyonlarla şüşəni niyə zibilliyə atıb sındırmalıyıq? Niyə elə istehsalçı şirkət onların tədarük, toplanma məntəqələrini təşkil etmir? Bu barədə aidiyyəti qurumlardan cavab almaq istərdim. Xahiş edirəm ki, bu barədə görülən və yaxud görüləcək işlər barədə bizə də məlumat versinlər".
Bu sözləri deputat Razi Nurullayev parlamentin plenar iclasında deyib.
Razi Nurullayev
Deputat əlavə edib ki, yüz milyonlarla plastik qablar da istifadə olunur və atılır:

"Bu yaxınlarda Sinqapurla bağlı video izlədim. Orada plastik qabların təkrar emalından gözoxşayan asfalt yollar çəkilir. İstərdim ki, bu texnologiya da Azərbaycana gətirilsin, aidiyyəti dövlət qurumları bununla bağlı araşdırmalara başlayıb, konket layihələr həyata keçirilməsi üçün iş adamlarına təklif versin. Yaxud iş adamları özləri bu sahəni öyrənib, gəlirli bir biznes sahəsi yaratsınlar".

Nazirlik rəsmisi: "Plastik materialların təkrar emala göndərilməsi mühümdür"
Xatırladaq ki, bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova
Şöbə müdiri qeyd edib ki, eyni zamanda ölkəmizdə malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, yüngülçəkili polietilen torbalar alıcılara ayrıca məhsul növü kimi pulla satılır. Bütün bu tədbirlər plastik tullantıların azaldılması üçün həyata keçirilir.
Plastik çirklənmənin azaldılması yollarından danışan S.Məmmədova bildirib ki, təkrar istifadəyə yararlı məhsullardan istifadə edilməli və birdəfəlik plastiklərdən imtina olunmalıdır:

"Plastik materialların təkrar emala göndərilməsi mühümdür. Bioloji parçalanan materiallardan hazırlanan məhsullardan, bitki mənşəli materiallardan hazırlanmış çantalardan istifadə oluna bilər və s.".

Şöbə müdiri diqqətə çatdırıb ki, plastik çirklənmə ilə mübarizədə əsas yollardan biri maarifləndirmədir:
"Azərbaycanda bu sahədə maarifləndirmə tədbirləri geniş formatda həyata keçirilir. KİV-lərdə bu barədə çıxışlar olur, müsahibələr verilir. Təhsil müəssisələrində tez-tez mühazirələr, seminarlar, görüşlər keçirilir. Dərsdənkənar vəsaitlərin hazırlanması prosesi həyata keçirilir. Meşə ərazilərində, dəniz sahilində və digər yerlərdə təmizlik aksiyaları silsilə şəkildə olur. Həmçinin artıq bir neçə ildir davam edən "Tullantıları tinglərə dəyiş", "Tullantıları ekoçantaya dəyiş" aksiyalarını göstərə bilərik. Bu aksiyalar zamanı vətəndaşlar plastik, şüşə tullantıları və işlənmiş batareyaları təhvil verərək ting, ekoçanta əldə edirlər".
Nazir müavini: "Bölgələrdə tullantıların çeşidlənməsi və utilizasiyası zavodları tikiləcək"
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, regionlarda tullantıların idarə olunmasına dair Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb:
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov
"Qarşıdakı illərdə Bakıda olduğu kimi, digər regionlarda da mərhələli şəkildə poliqonların və qəbul məntəqələrinin yardılması nəzərdə tutulub. Həm poliqonların, həm də emal zavodlarının tikintisi nəzərdə tutulub. Bu məqsədlə çox böyük vəsait tələb olunur. Problem mərhələli şəkildə bir neçə ilə həll ediləcək. Əvvəlcə poliqonlar tikiləcək. Üstəlik, tullantıların çeşidlənməsi və utilizasiyası üçün zavodun tikintisi də nəzərdə tutulur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Azərbaycanda polietilen torbalardan istifadəni azaltmaq üçün hansı işlər görülür?