SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının onlayn səsvermə hüququ olmalıdır - Deputat

Deputat bildirib ki, Azərbaycan vətəndaşlarının da əhəmiyyətli hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar. Onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur.
Sputnik
BAKI, 22 oktyabr— Sputnik. "Bu günlərdə Moldovada seçkilər keçirildi və orada hətta referendumun nəticələrini xaricdə yaşayan moldavanların verdiyi səs dəyişdi. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar. Onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur. Ona görə də onlar bu imkanlardan məhrum olurlar”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu sahədə bir çox ölkələrin də təcrübəsi var:

"Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxaq. Bunu icra hakimiyyəti orqanları ilə də müzakirə edə bilərik. Onlar özlərinin FİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilsinlər”.

Millət vəkili Qüdrət Həsənquliyev
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Ona görə də bu ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.
Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Elektron seçki - bülletenlərin atılması və sayılmasına kömək etmək üçün elektron vasitələrdən istifadə edən seçkidir. Xüsusi tətbiqdən asılı olaraq, e-seçkidə müstəqil elektron səsvermə maşınlarından və ya internetə qoşulmuş kompüterlərdən (onlayn səsvermə) istifadə edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.