BAKI, 22 oktyabr— Sputnik. Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarətlə bağlı yeni qayda müəyyən edilir. Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.
Siyavuş Novruzov maliyyə hesabatı verməyən partiyaların ləğv olunmasını təklif edib
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycandakı partiyalardan bir qrupu maliyyə hesabatı vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır.
O qeyd edib ki, qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir maliyyə hesabatı verməyib: "Sual yaranır ki, müəyyən partiyaların rəhbərləri 20 ildir işləmir, onlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər. Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır".
Qeyd edək ki, "Hesablama Palatası haqqında" qanuna əsasən,
kənar dövlət maliyyə nəzarətinin obyektləri - dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslərdir.
Kənar dövlət maliyyə nəzarəti - kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.