BAKI, 22 oktyabr — Sputnik. Şimali Koreyanın BMT-dəki nümayəndəsi bazar ertəsi Cənubi Koreya və Ukraynanın Ukrayna münaqişəsində iştirak etmək üçün əsgər göndərilməsi ilə bağlı ittihamlarını rədd edib, onları "əsassız şayiələr" adlandırıb. Bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirib.
Şimali Koreya sözçüsü Moskva ilə əlaqələrin qanuni və əməkdaşlığa əsaslandığını bildirib.
Cənubi Koreyanın BMT-dəki sözçüsü isə bildirib ki, Şimali Koreya əvvəllər öz əsgərlərinin gönədrilməsini heç vaxt qəbul etməyib, çünki bu, qeyri-qanuni bir hərəkət kimi qiymətləndiriləcəkdi.
Bundan əvvəl Rusiyanın Koreya Respublikasındakı səfirliyi də bəyan etmişdi ki, Rusiya ilə KXDR arasında əməkdaşlıq beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir və Cənubi Koreyanın təhlükəsizlik maraqlarına qarşı yönəlməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya qoşunlarının Xüsusi Hərbi Əməliyyat zonasına göndərilməsi iddiasını şərh edərkən, bu məsələ ilə bağlı məlumatların ziddiyyətli olduğuna diqqət çəkib:
"Cənubi Koreya bir şey deyir, sonra Pentaqon onların heç bir məlumatı olmadığını bəyan edir".
Ağ Ev daha əvvəl bildirmişdi ki, ABŞ-da Şimali Koreyanın Ukraynadakı münaqişədə iştirakı ilə bağlı iddiaları təsdiqləyən məlumat yoxdur. NATO-nun baş katibi Rutte bildirib ki, alyans Şimali Koreyanın Ukraynaya öz əsgərlərini göndərdiyini təsdiq edə bilməz.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin KXDR-dən olan hərbçilərin XHƏ-yə cəlb edilməsinə icazə verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, Rusiya bunu heç kimdən tələb etməyib və buna ehtiyac yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.