BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Kazanda keçiriləcək görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan brifinqdə bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Kazanda BRİKS sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə danışıqlar aparacaq.
"Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 22-24-də Kazana səfər edəcək və BRİKS ölkələri liderlərinin 16-cı görüşündə iştirak edəcək. Bu zaman Çin və Rusiya başçıları arasında görüş olacaq", - Lin Tszyan bildirib.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçiriləcək. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.