BAKI, 22 oktyabr — Sputnik. Rusiya ilə Cənubi Afrika Respublikası arasında münasibətlər tərəfdaşlıq və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Bunu Rusiya prezidenti Vladimir Putin Kazanda BRİKS sammiti çərçivəsində Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə görüşündə bildirib.
"İkitərəfli münasibətlərə gəlincə, onlar hərtərəfli strateji tərəfdaşlıq, bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır", - Putin deyib.
Rusiya lideri iki ölkə arasında siyasi dialoqun inkişaf etdiyini, xarici siyasət idarələri və təhlükəsizlik şuralarının fəal əlaqədə olduğunu, parlamentlərarası xətt üzrə qarşılıqlı fəaliyyətin qurulduğunu qeyd edib.
Onun sözlərinə görə, Rusiya və Cənubi Afrika dünya səhnəsində ədalətli dünya nizamının yaradılmasının tərəfdarıdırlar:
“Rusiya və Cənubi Afrika ədalətli çoxqütblü dünya nizamının yaradılması və formalaşması sahəsində beynəlxalq arenada öz səylərini böyük ölçüdə əlaqələndirirlər”.
Putin onu da bildirib ki, Rusiya öz işini BRİKS-ə sədrliyi dövründə 2023-cü ildə Cənubi Afrikada keçirilən birlik sammitinin nəticələrini nəzərə alaraq qurub.
Putin Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşündə qeyd edib ki, Rusiya assosiasiyaya sədrlik estafetini Cənubi Afrikadan üzərinə götürüb.
Rusiya prezidenti əlavə edib ki, Moskvanın sədrliyi dövründə yeni iştirakçıların çoxsəviyyəli BRİKS arxitekturasına üzvi inteqrasiyasına üstünlük verilib.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir; Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.