CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minatəmizləmə ilə bağlı yeni qanun gəlir - "Prosesə ciddi təkan verəcək"

Komitə sədri 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan vətəndaşlarımızın minaların qurbanı olmasından danışıb.
Sputnik
BAKI, 22 oktyabr— Sputnik. Milli Məclisin iclasında “Minatəmizləmə haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycanın dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib. Deputat deyib ki, ərazimizin təxminən 12 faizi Ermənistan tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.
Vurğulanıb ki, Ermənistan minalardan təkcə hərbi məqsədlər üçün deyil, mina terroru həyata keçirmək üçün də geniş şəkildə istifadə edib. Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi məsələsinə diqqət çəkən komitə sədri 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan vətəndaşlarımızın minaların qurbanı olmasından danışıb.
Arzu Nağıyev qeyd edib ki, təməli ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və 1998-ci ildə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA bu istiqamətdə böyük işlər görüb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev
Müzakirəyə çıxarılan yeni qanun layihəsinin də minatəmizləmə prosesinə ciddi təkan verəcəyini deyən komitə sədri layihənin strukturu, sənəddə təsbit olunan tənzimləmələr barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. 1-ci fəsildə istifadə olunan əsas anlayışların mənaları, qanunun tətbiq dairəsi müəyyən edilib. 2-ci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və s. məsələlər öz əksini tapıb. 3-cü fəsildə isə yekun müddəalar müəyyən olunub.
Qeyd edək ki, yeni qanun Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edəcək.
Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək. Sənəddə Azərbaycanda fiziki və hüquqi şəxslərin minatəmizləmə fəaliyyəti həyata keçirməsi üçün hüquqi əsaslar müəyyən edilir.
Layihə görə, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.