Gürcüstanda seçkilərin mümkün nəticələri nə vəd edir?
Millət vəkili qeyd edir ki, qlobal güclər də Gürcüstan seçkilərinə müdaxilə etməyə çalışır.
SputnikBAKI, 22 oktyabr — Sputnik. Gürcüstanda parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Seçki öncəsi vəziyyət isə günü-gündən gərginləşir. Ötən həftə Gürcüstanın müxalifət partiyaları, eləcə də vətəndaş cəmiyyəti təşkilatları paytaxt Tbilisidə "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirib. Aksiya iştirakçılarına müxalifət liderləri ilə yanaşı prezident Salome Zurabişvili də qoşulub. Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib.
"Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze müxalifətin "Gürcüstan Avropa İttifaqını seçir" adlı aksiyası haqqında danışarkən deyib ki, müxalifət bu mitinqlə seçkiləri bir həftə öncə uduzduğunu elan etmiş olub.
Faktiki olaraq Gürcüstan seçkilərinin nəticəsi bu ölkənin yeni strateji siyasət yoluna qərar verərəcək.
Seçkilərinin nəticəsinin sakitliklə qəbul olunacağı istisna edilir. Çünki bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) parlament seçkiləri ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib.
DTX-nin məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səsləri və videogörüntülərindən istifadə edərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.
Bəs bu seçkilərin nəticəsi regionumuz üçün niyə əhəmiyyətlidir?
Bütün partiyaların başlıca məqsədi Gürcüstanın ərazi bütövlüyü məsələsidir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Arzu Nağıyev bildirib ki, hazırda hakimiyyətdə olan "Gürcü arzusu" bir sıra üstünlüklərə malikdir: "Ancaq onarlın mövqeyinə təsir edən əsas amillər Qərbin xoşuna gəlməyən qanunların qəbul edilməsi, diversifikasiyalı xarici siyasət kursunun seçilməsi, həmçinin guya Rusiyayönümlü olması ilə bağlıdır. Bunlar hakim partiyaya qarşı aparılan antitəbliğatın əsas elementləridir. Müxalifətin vahid proqramının olmaması isə onu zəif göstərən başlıca amildir. Vaxtilə Saakaşvilinin rəhbərlik etdiyi müxalif "Vahid Milli Hərəkat" partiyası yeni lider axtarışındadır. Bu gün Gürcüstan parlamentində çoxluq qazanmaq istəyən bütün partiyaların başlıca məqsədi Gürcüstanın ərazi bütövlüyü məsələsidir".
Qlobal güclər Gürcüstan seçkilərinə müdaxilə etməyə çalışır
Millət vəkili qeyd edir ki, qlobal güclər də Gürcüstan seçkilərinə müdaxilə etməyə çalışır: "Həmin güclərin hər birinin məqsədi həm də Cənubi Qafqazda möhkəmlənməklə bağlıdır. Bu gün ABŞ və kollektiv Qərbin yürütdüyü siyasət tək Gürcüstana dair deyil, onlar Cənubi Qafqazda nüfuzlarını artırmağa çalışırlar. Buna Ermənistanda müəyyən qədər nail olublar. Gürcüstana da təsir etməyə çalışırlar ki, dayanıqlı mövqelərə sahib olsunlar. Gürcüstan strateji əhəmiyyət daşıyan ölkədir".
Azərbaycan Gürcüstanda sabit, dayanıqlı siyasi hakimiyyətin formalaşmasında maraqlıdır
"Azərbaycan Gürcüstana tərəfdaşı və dost olan ölkədir. Ölkələrimiz arasında birgə layihələr mövcuddur. Bu gün Gürcüstanın ən böyük vergi ödəyicisi Azərbaycan SOCAR-dır. Regional layihələr və yeni infrastruktur layihələrinin işə salınması regionumuza böyük töhfələr verir. Azərbaycandan keçən yüklərin bir qisminin Gürcüstan üzərindən daşınması bu ölkənin əhəmiyyətini bizim üçün artırmış olur. Azərbaycan Gürcüstanda sabit, dayanıqlı siyasi hakimiyyətin formalaşmasında maraqlıdır. Gürcüstan bu gün Azərbaycan üçün çox əhəmiyyətli strtateji tərəfdaşdır. Bu əlaqələrin inkişafı hər iki ölkə üçün müsbət nəticələrə gətirib çıxara bilər", millət vəkili vurğulayıb.
Qərbyönümlu müxalifətin sosial bazası məhdudlaşıb
Politoloq Elşən Manafov deyir ki, Gürcüstanda seçkilər ərəfəsində aparılan monitorinq və rəy sorğuları göstərir ki iqtidarda olan "Gürcü arzusu"nun oktyabrın 26-da keçiriləcək seçkilərdə qalib gəlmək şansları çox yüksəkdir.
Politoloqun sözlərinə görə, seçilərin 60-65%-nin hakim partiyaya səs verəcəkləri gözlənilir:
"Qərbyönümlu müxalifətin sosial bazası əvvəlki dövrlərlə müqayisədə xeyli məhdudlaşıb. Bu bir tərəfdən Saakaşvili iqtidarının avanturist siyasəti nəticəsində Gürcüstanın Cənubi Osetiya və Abxaziya üzərində suveren hüquqlarının itirilməsi, digər tərəfdən isə Rusiya ilə münasibətlərin kəskinləşməsi nəticəsində rəsmi Tbilisinin ənənəvi bazarlardan olan Rusiya bazarını itirməsi, bunun Gürcüstanın kənd təsərrufatına vurduğu ziyan, nəhayət Rusiya ilə münasibətlərə görə turizm sektoruna dəyən ziyanla bağlıdır".
Gürcüstanın Avropa Birliyinə inteqrasiya siyasətinə qarşı çıxış etmir
Elşən Manafov qeyd edib ki, "Gürcü arzusu"nun Rusiya ilə bu sahələrdə olan problemlərin həlli istiqamətində Rusiya ilə apardığı qarşılıqlı iş hətta Osetiya və Abxaziya ətrafında aparılan danışıqlar bəlli zaman kəsiyində hökumətin həyata keçirdiyi sosial islahatlar seçicilər tərəfindən rəğbətlə qarşılanır:
"Digər tərəfdən hakim partiya və hökumət Qərbdə bəlli dairələrin iddia etdiyi kimi Gürcüstanın Avropa Birliyinə inteqrasiya siyasətinə qarşı çıxış etmir, onu dəstəkləyir, sadəcə Qərb və onun institutları ilə munasibətlərə Gürcüstanın milli maraqları, regionun təhlükəsizlik maraqları konteksindən yanaşır, gürcü xalqının milli adət ənənələrinə,onun mental dəyərlərinə zidd olan Qərb təbliğatının əleyhinə çıxış edir, Gürcüstan qanunvericiliyinə Qərbdən müdaxilə konteksində yanaşmalara yol vermək istəmir".
"Gürcü arzusu" neomüstəmləkəçi siyasətə qarşı çıxış edir
Elşən Manafov hesab edir ki, hakim partiya Qərbin Gürcüstanı özünün nüfuz dairəsinə salmaq, onun antirusiya ritorikasına köklənməsi üçün olan cəhdlərə, Qərbin bölgəyə münasibətdə neomüstəmləkəçi siyasətinə qarşı çıxış edir.
"Parlament seçkilərində qələbə "Gürcü arzusu"na hazırda Gürcüstanda parlament və prezident hakimiyyəti arasında yaşanan böhranı da həll etməyə hüquqi və siyasi zəmin yaradacaq, prezident Zurabaşvili istefaya göndəriləcək, bu isə, Qərbin Gurcustandakı maraqlarına daha ciddi zərbə olacaq. Bütövlukdə "Gürcü arzusu"nun qələbəsi regionun geosiyasi konfiqurasiyasını dəyişmək istəyən Qərbin xeyrinə olmayacaq və bölgə uğrunda gedən geosiyasi mübarizəyə yeni çalarlar gətirəcək", - politoloq fikirlərini yekunlaşdırıb.