BAKI, 22 oktyabr — Sputnik. BRİKS qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq nizamın daha ədalətli istiqamətə yönəlməsinə töhfə verir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Sinxua" agentliyinə eksklüziv müsahibəsində deyib.
Hikmət Hacıyev qeyd edib ki, BRİKS beynəlxalq münasibətlər sisteminin plüralizminə və demokratikləşməsinə xidmət edən təşkilatdır.
"Biz inanırıq ki, BRİKS ölkələri beynəlxalq hüquqa, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə qarışmama prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri qoruyub saxlayır və siyasi gündəliyin yalnız bir qrup şəxs tərəfindən inhisara alınmasının qarşısını alır. BRİKS ölkələri qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq sabiltiyin daha ədalətli istiqamətdə inkişafına töhfə verəcək. Bütün ölkələr BMT Nizamnaməsinə hörmət etsəydi, bugünkü dünya daha yaxşı bir yer olardı", - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Onun sözlərinə görə, BRİKS ölkələrinin çox böyük inkişaf potensialı var.
"Hər bir üzv dövlətin özünəməxsus müqayisəli üstünlükləri var və onlardan hamının xeyrinə istifadə edilməlidir", - Azərbaycan Prezidentinin köməkçisi bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamı olacaq.
Onun sözlərinə görə, Azərbaycan BRİKS-ə əlavə dinamika gətirmək iqtidarındadır və BRİKS-ə üzvlük də Azərbaycanın üzv ölkələrlə çoxtərəfli platformada yaxşı əlaqələrinin davamıdır.
H.Hacıyev qeyd edib ki, strateji yerləşməsi, güclü dövlətçiliyi, iqtisadi potensialı və beynəlxalq hüquqa möhkəm sadiqliyi sayəsində Azərbaycan digər həmfikir ölkələrlə sıx əməkdaşlıq şəraitində çoxvektorlu dünyaya töhfə verməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.