BAKI, 22 oktyabr — Sputnik. Dünəndən paytaxta yağan yağış küçələrdə problemlərlə yanaşı elektrik enerjisinin verilməsində də fasilələrə səbəb olub.
Paytaxt sakini Haldun Novruzzadə Sputnik Azərbaycan-a bildirib ki, Yeni Günəşli qəsəbəsi, massiv V bina 12E "İnci Residens" binasında dünən saat 23:30-dan işıq yoxdur.
Sakin bildirib ki, Azərişığa müraciət etsələr də 12 saatdır işıqsız qalıblar.
"12 saatdır bizim yaşadığımız binaya elektrik enerjisi verilmir. "Azərişıq"dan bizə bildirdilər ki, ərazini su basdığı üçün mexaniklər hadisə yerinə gedə bilmirlər", - deyə sakin şikayətlənib.
Bakı sakini Elmir Muradov Sputnik Azərbaycan-a bildirib ki, Nizami rayon, Bəhruz Nuriyev 40 və 51 ünvanında səhər saat 08:00 radələrindən elektrik enerjisinin verilməsi dayandırılıb.
"Azərişıq ASC-yə saat 10:00-dan zəng etmişəm 10 dəqiqəyə işığı qoşuruq deyiblər, üstündən 2 saatdan çox vaxt keçib, nə işıq var, nə də Azərişığın qəza xidməti görsənmir", - deyə sakin bildirib.
"Azərişıq" ASC-dən isə qəza hadisələrinin aradan qaldırıldığını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.