PAYTAXT XƏBƏRLƏRİ

Bakıda su basmış ərazilərdən suyun çəkilməsi davam etdirilir

Vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Hazırda Bakıda su basmış ərazilərdə suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.
Belə ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.
Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.