BAKI, 22 oktyabr — Sputnik. "Əmlak bazarında evlərin qiymətinin aşağı düşəcəyi hələki gözlənilmir. Yeni tikililərin inşasına dair şərtlər ağırlaşdığından, son bir ildə Bakıda inşa olunan yeni çoxmərtəbəli binaların sayı əhəmiyyətli dərəcədə azalıb".
Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində qonaq olan əmlak bazarı üzrə ekseprt Elnur Fərzəliyev söyləyib. O, bildirib ki, əmlak bazarında ən böyük qiymət artımı 2023-cü ildə baş verib: "Bakıda bəzi əmlakların qiyməti bir il ərzində 20-25 faiz artdı. 2023-cü ilin oktyabr ayında daşınmaz əmlak bazarında ciddi durğunluq başladı. Buna səbəb sənədsiz torpaqlar üzərində inşa olunan evlərə qaz, işıq, su sayğaclarının qoyulmasına olan qadağa idi. Bu da əmlak bazarında durğunluğa səbəb oldu".
E.Fərzəliyev bildirib ki, əmlak bazarında canlanma əsasən ipoteka kreditlərinin verilməsi hesabına baş verir. Amma o bildirib ki, artıq Bakıda ipoteka predmetinə çevrilən binaların sayı azalıb. Çünki, köhnə binaların istismar müddəti başa çatdığı üçün artıq ipotekaya yaralı deyil.
"Əmlak bazarında qiymət artımı o qədər şiddətli baş verdi ki, Bakıda 1 otaqlı köhnə tikililərin qiymət 140 min manata çatıb. Mərkəz ərazilərdə 1 otaqlı yeni tikililərdə isə mənzillərin qiyməti 200 min manata qədər dəyişir. İpoteka ilə 1 otaqlı mənzil almaq sərfəli deyil. Çünki, bir müddət sonra ipoteka ilə alınan 1 otaqlı mənzil ailə üzvülərinin sayı artdığından kifayət etmir. Bir neçə otaqlı mənzil almaq üçün isə vətəndaşdan ipotekanı bağlamaq tələb olunur. Ona görə də, insanlar məcbur olub Bakı ətrafında ucuz qiymətə bir neçə otaqlı mənzil almağa üstünlük veririlər".
Elnur Fərəzliyev bildirib ki, son yeddi-səkkiz ildə evlərin qiymətində iki dəfə bahalaşma baş verib.
Onun sözlərinə görə, Bakıda mənzil bazarında qiymətlərin enməsi bölgələrdə iqtisadi vəziyyətin yaxşılaşmasından asılıdır. O, bölgələrdə sosial-iqtisadi vəziyyət yaxşılaşarsa, paytaxta axının qarşısının müəyyən qədər alınacağını, bunun da Bakıda və Abşeronda mənzillərə təlabatı azaldacağını söyləyib
"Yeni tikililərə qarşı şərtlər ağırlaşdığından, tikinti şirkətlərinin xərcləri artıb. Buna görə də çoxmərtəbəli binlarda qiymətlərin ucuzlaşacağı gözlənilmir. Son bir ildə Bakıda inşa olunan yeni tikililərin də sayı əhəmiyyətli dərəcədə azalıb. Əmlak bazarında qiymət artımı təlabatın azalmasına səbəb olub", - deyə ekspert bildirib.