BAKI, 21 oktyabr — Sputnik. İcbari tibbi sığortanın Xidmətlər Zərfində bir sıra tibbi xidmətlərin çeşidi artırılacaq. Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Agentlik Xidmətlər Zərfinin yenilənməsi məqsədilə ictimai müzakirələrə başlayıb.
İcbari tibbi sığortanın təminat verdiyi invaziv kardioloji və kardiocərrahi xidmətlərin optimallaşdırılması məqsədi ilə təşkil edilən iki ictimai müzakirədə çıxış edən Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklər statistikasında ilk üçlüyə daxildir. Göstəriciləri nəzərə alaraq, invaziv kardiologiya və kardiocərrahi əməliyyatlar ürək-damar xəstəliklərinin effektiv müalicəsi üçün vacibdir.
Onun sözlərinə görə, xidmətlərin artırılması, səhiyyədə müasir və təsirli müalicə metodlarından istifadəyə də imkan yaradacaq: "Bu xidmətlərin artırılması əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Artan xidmətlərin çeşidi hər kəsin tibbi yardıma əlçatanlığını təmin edir. İnvaziv müdaxilələr erkən mərhələdə problemlərin daha dəqiq aşkarlanması və müalicəsi üçün zəmin yaradır. Məqsədimiz yenilənəcək Xidmətlər Zərfində invaziv kardiologiya və kardiocərrahi xidmətlərlə bağlı mütəxəssislərin rəy və təkliflərini nəzərə almaqla tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasını təmin etməkdir. Hər bir yeni xidmət, müasir tibbi standartlara cavab verməklə yanaşı, vətəndaşların həyat keyfiyyətini artırmağı da hədəfləyir".
Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı Xidmətlər Zərfində mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması da nəzərdə tutulur. Bura beyin və boyun anevrizmalarının endovaskulyar embolizasiyası, qan damarının sintetik qreftlə bərpası, ürək damarlarında aparılan digər əməliyyatlar, intraabdominal venoz şuntlama, hemodializ üçün arteriovenoz şuntlamanın reviziyası və başqa xidmətlər aiddir. Bundan başqa, hazırlanan yeni Xidmətlər Zərfində tibbi xidmətlərin adı daha izahlı və ətraflı yazılıb. Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı xidmətlərdə elektrokardiostimulyatorun növləri, əməliyyata daxil olan prosedurların təfərrüatlı ifadəsi, trombolizis terapiyası zamanı istifadə olunan fibrinolitik maddələrin adları qeyd olunub.
Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov xidmətlər üzrə tariflərin hesablanması üçün qiymətə təsir edən xüsusi tibbi sərfiyyat və tibbi ləvazimatların siyahısını tərtib etməyi təklif edib. Həmçinin gələcək illərdə baza tariflərlə yanaşı yaş, cins və digər amilləri nəzərə alan risk əsaslı əmsalların tətbiqinin mümkünlüyünü qeyd edib.
Məlumatda o da bildirilir ki, analoji müzakirələrin həmçinin neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.