BAKI, 20 oktyabr - Sputnik. Dörd il əvvəl bu gün rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhərini azad edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu möhtəşəm xəbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində çatdırıb.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü qeyd ediləcək.
Vətən müharibəsi
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.