TƏHLİL

Azərbaycan ordusunda yenilik hansı nəticələr vəd edir?

Ekspert deyir ki, xüsusi intellektual kadrların orduda sayının artırılması müasir dövrün tendensiyası kimi qəbul edilməlidir.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Ordusunda təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq üçün İntellektual qabiliyyətli bölmələr yaradıldığını açıqlayıb.
Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Polkovnik-leytenant, hərbi məsələlər üzrə ekspert Elxan Şıxəliyev bildirir ki, bu, əslində inqilabi qərardır. İndiyə qədər xüsusi intellektual gənclər hərbi xidmətlərini öz bilik və bacarıqlarını istifadə etməklə yerinə yetiriə bilmirdilər. İndi isə Azərbaycan ordusunda xüsusi intellektual biliklərə və bacarıqlara malik kadrlara tələblər artıb:
"Bu gün dördüncü, beşinci nəsil texnologiyalarla dəstəklənə biləcək məhsulun istehsalı, eyni zamanda silahlanmada olan həmin texnologiyaların idarəetməsində informasiya texnologiyaları üzrə təhsili olan şəxslərə ehtiyac var. Azərbaycanda bunun üçün yetərincə gənc kadr potensialı var. Onları hərbi xidmətin bu istiqamətinə yönəlməklə ordumuz üçün də faydalı olacaqlar. Digər tərəfdən həmin şəxslərin sonrakı dövrdə zabitliyə yönəldilməsi də mümkündür ki, bu da ordunun kadr potensialının zənginləşməsi və daha da güclənməsi üçün mühim hərəkətverici qüvvə olacaq. Həmin şəxslərə həm Müdafiə Nazirliyinin, həm də Müdafiə Sənayesinin strukturlarında öz bilik və bacarıqlarını tətbiq edə biləcəklər".
Ekspertin sözlərinə görə, bu Azərbaycan təhlisinin inkişafına da müsbət təsir göstərəcək:
"Artıq hərbi xidmət yaşına az qalmış gənclər texniki istiqamətlərə daha çox yönəlməklə belə bölmələrdə xidmət etməyə can atacaqlar. Bildiyiniz kimi, bu bölmələrdə xidmətin özünün xüsusi tələbləri var. Həmin tələblərin əsası isə yüksək bilik və bacarıqların olmasıdır. Qısa desək, gənclər qəbul imtahanında 600-dən yuxarı bal toplamağa daha çox çalışacaqlar. İndiyə qədər orduda həmin şəxslərin potensialından yetərincə istifadə olunmayıb. Ancaq bugünkü dövrün tələbləri həmin kadrların potensialından maksimum şəkildə istifadə edilməsini tələb edir".
Şıxəliyev hesab edir ki, yaxın 5-10 il ərzində Azərbaycanın müdafiə qabiliyyəti və təhlükəsizlik konsepsiyasının təmin edilməsində bu daha aydın hiss ediləcək:
"Bu gün dünyanın ən güclü orduları intellektual kadrlardan formalaşdırılıb. Bütün dünyada orduda zabitlərin hazılanması kriteriyasında müəyyən dəyişikliklər var. Bu baxımdan, xüsusi intellektual kadrların orduda sayının artırılması müasir dövrün tendensiyası kimi qəbul edilməlidir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri, millət vəkili Arzu Nağıyev hesab edir ki, Milli Müdafiə Universitetinin tərkibində İntellektual qabiliyyətli yeni bölmələrin yaradılması Azərbaycan Müdafiə sisteminin inkişafında yeni bir dövrün başlanğıcıdır. Ölkəmizdə və xaricdə İT ixtisasını uğurla başa vuran çağırışçılar Milli Müdafiə Universitetinin tərkibində əsgərliklərini xüsusi şəraitdə çəkəcəklər:
"Bu gün artıq dövr texnologiya dövrüdür və bəşəriyyət öz inkişafının zirvəsindədir. Dolayısı ilə bu inkişaf hərbi sahədə də özünü göstərir. Bu gün dünyada gedən hibrid müharibələrin özülündə texnoloji biliklərin savaşı durur. Bu baxımdan ordu quruculuğunda aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələrin yaradılmasını ordumuz və dövlətimiz adına təqdirəlayiq addım hesab edirəm. Istedadlı gənclərin arxa cəbhədə dövlətin müdafiə beynini formalaşdırması ön cəbhədə özünü müsbət anlamda göstərəcək".
Millət vəkili əlavə edib ki, bu, həm də azərbaycan gəncinin öz potensialını kəşf etməsi, təcrübə toplaması, orduda rəqəmsal bacarıqların inkişafına veriləcək ən yaxşı töhfədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.