SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İstanbulda qapalı görüş: Ərdoğan dörd ölkənin XİN başçısını qəbul etdi

Ərdoğan Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəklədiyini bildirib.
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün ortaya qoyulan bütün səyləri dəstəkləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən deyib.
O bildirib ki, regionda baş verən hadisələr həmrəyliyin gücləndirilməsini zərurətə çevirir.
Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional problemlərin dialoq yolu ilə həlli üçün yaradılan "3+3" platformasını əhəmiyyətli hesab edir:

“Cənubi Qafqazdakı durumun davamlı sülh istiqamətində dəyişməsini sevindirici hal hesab edirik”.

R.T.Ərdoğan, həmçinin Yaxın Şərqdəki durum barədə də danışıb: “Atəşkəsin təmin olunmadığı hər gün bizi regional müharibəyə daha çox yaxınlaşdırır”.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində dörd ölkənin xarici işlər nazirlərini qəbul edib.
Görüş Dolmabağça sarayında baş tutub.
Qəbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər.
Görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, "3+3" regional əməkdaşlıq platforması Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə yaradılıb. Lakin Gürcüstan bu formatda danışıqlarda iştirakdan imtina edib.
Bu tərəflərin sayca üçüncü görüşüdür. Bundan əvvəl birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.