BAKI, 18 oktyabr — Sputnik. "Bir ildən çoxdur ki, Bakı şəhərində yeni parklanma qaydaları tətbiq edilir. Ötən ilədək davam edən parklanma, prosesin şəffaflığı haqqında, eləcə də toplanan vəsaitdən istifadənin qeyri müəyyənliyi ilə bağlı xeyli yazılar yazılıb. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası təsdiqlənsə də, bu sahədə hesabatlılıq hələ təmin olunmayıb".
Sputnik Azərbaycan-a bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Mobil operatorların səhvinə görə də sürücülər cərimələnir
Qeyd edək ki, son günlər parklanma yerlərində mobil tətbiqin işləməməsi, cərimələrin tətbiqi ilə bağlı şikayətlər artıb. Hətta vətəndaşlar parklanma üçün sms göndərdikdə mobil operatorun sistemində yaranmış problemə görə sms getmədikdə onlara cərimə tətbiq olunmasından şikayətlənirlər.
Paytaxt sakini Ülkər Abdullayeva Sputnik Azərbaycan-a bildirib ki, bu günlərdə parklanma üçün iki dəfə sms göndərsə də, mesaj getməyib. Mobil operatorun sistemində yaranmış xətaya görə AYNA onu cərimələyib.
Sürücü bildirib ki, SMS göndərdiyini təsdiqləyən faktları AYNA-a yönəltsə də, sistemdə onun SMS-i qeydə alınmadığından, cərimə qüvvədə qalıb. Ü.Abdullayeva mobil operatorların sistemində yaranmış problemdən dolayı parklanmaya görə SMS-lərin getməməsinin sürücülərin problemi olmadığını söyləyir. O, bildirib ki, parklanma yerlərinə görə SMS-in göndərilməsi üçün mobil operatorlarla AYNA müqavilə bağlayıb. Amma müqavilə bağladığı mobil operatorun sistemində baş vermiş xətaya görə sürücüləri cərimələyir. Sürücü bunun ədalətsiz yanaşma olduğunu, AYNA-nın işi məhz cərimə yazmaq üzərində qurmasının vətəndaşlar arasında narazılığı artırdığını söyləyir.
Xəstəxanaların qarşısı parklanma yerlərinə çevrilib
Həmsöhbətimiz AYNA-nın hər yerdə parklanma yeri yaratmasının da düzgün olmadığı qənaətindədir. O, insanlara öz doğmalarını xəstəxanaya gətirdikdə belə cərimə yazıldığını, tibb müəssisələrinin qarşısının parklanma yerlərinə çevrilməsinin düzgün olmadığını iddia edir.
Osman Gündüz də bildirib ki, zərurət olmayan yerlərdə, xəstəxana və hopitalların qarşısında da parklama yerləri salınıb, "Azparking" mobil tətbiqi yaradılıb:
"Maraqlıdır ki, 15 dəqiqə parklamanın pulsuz olduğu bildirilsə də, bu müddətdən çox dayandıqda həmin vaxt da ümumi parklama zamanına daxil edilir. Ədalət naminə demək lazımdır ki, yeni qaydalardan sonra şəhərin mərkəz hissəsində parklama yerinin tapılmasında vəziyyət müsbətə doğru dəyişib. Lakin prosesin gedişi, yeni sistemin tətbiqinin nəticələri, aparılmış təhlillər, toplanmış vəsaitdən istifadə haqqında indiyədək AYNA heç bir hesabat verməyib".
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
© Photo : Courtesy of Osman Gunduz
Parklanma və cərimələrdən nə qədər pul toplanıb?
Ekspert hələ də müəyyən suallara cavabın tapılmadığını bildirib:
"Ötən günlər diqqətimi cəlb etdi ki, AYNA-nın məsul şəxsi yeni qaydaların tətbiqindən sonrakı vəziyyət haqqında hesabat xarakterli müsahibə verib. Amma indiyədək nə qədər parklama yeri müəyyən olunub, yeni qaydaların tətbiqindən sonra büdcəyə nə qədər ictimai vəsait daxil olub bunu açıqlamayıb. Adi bir hesablama ilə müəyyən etmək olar ki, parklanmadan AYNA hər ay bir neçə milyon manat vəsait əldə edir. Qaydalara görə bu sahədən daxil olan vəsaitlər birbaşa büdcəyə deyil, elə AYNA-nın hesabına daxil olur.
Agentlik həmin vəsaitdən həm parklama infrastrukturunun saxlanılması üçün, həm də sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi üçün istifadə edə bilər. Maraqlı məqam həm də odur ki, Agentlik qaydalara görə daxil olan vəsaitin 30 faizədək hissəsindən öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün də istifadə edir. Qaydalara görə AYNA daxil olan vəsaitlərlə bağlı hökumətə rüblük hesabatlar təqdim etməlidir. Təəssüf ki, bu hesabatların dərc edilməsi, saytda yerləşdirilməsi nəzərdə tutulmayıb. AYNA daxil olan vəsaitlərin hansı istiqamətlər üzrə necə istifadə edilməsi haqqında indiyədək açıqlama verməyib. Ümid edirəm AYNA bu istiqamətdə hesabatlılığı və şəffaflığı gücləndirəcək, ictimai nəzarət imkanlarını da artıracaq".
AYNA iddialara cavab verib
AYNA-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri Prezident İlham Əliyevin 2023-cü il 29 iyul tarixli "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərmanı ilə müəyyən olunub.
"Parklanma yerlərinin idarə olunması və saxlanılması, parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, parklanma ilə əlaqədar tətbiqlərin yaradılması, xüsusi texniki vasitələrin alınması və onların saxlanılması, yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi parklanmadan daxil olan vəsaitin xərclənmə istiqamətlərinə daxildir. Həmçinin qaydaya əsasən həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edilir".
Qurumdan parklanmadan və parklanma qaydalarının pozuntusuna görə cərimələrdən toplanan vəsaitin məbləği açıqlanmayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a bildirib ki, qanuna görə parklanmadan toplanan pul yol hərəkətinin təşkili, yol təsərrüfatında yeniliklərin tətbiqi, nişanlanma xətləri və sair xərclənir. Bu prezidentin fərmanı ilə təsdiqlənib. Həmçinin toplanan vəsaitlər yeni parklanma yerlərinin yaradılmasına, parklanma işçilərinin əmək haqqına yönəldilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.