AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bələdiyyələr müstəqil olmasa, sayı dəyişməyin heç bir faydası olmayacaq - Əli Məsimli

Deputat bildirib ki, son dövrlər bələdiyyələrin maliyyəsi 30-35 milyon manatdan 50 milyon manaya yaxınlaşıb. Lakin bu, vəsait ortabab biznes strukturunun illik gəlirindən çox deyil.
Sputnik
BAKI, 18 oktyabr— Sputnik. "Bələdiyyələr konstitusiyamızda yazıldığı kimi, müstəqil olmalıdır. Müstəqil olmasa, onun sayının 2700 yaxud 685 olmasının heç bir əhəmiyyəti olmayacaq. Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, son dövrlər bələdiyyələrin maliyyəsi 30-35 milyon manatdan 50 milyon manata yaxınlaşıb:
"Biz bunu müsbət qiymətləndiririk. Etiraf edək ki, 50 milyon manat ortabab biznes strukturunun illik gəlirindən çox deyil. Həmin vəsaitin 55 faizi əməkhaqqına, 25 faizi xidmətlərin alınmasına, yerdə qalanı isə digər məsələlərin həllinə yönəldilir".
Qeyd edək ki, Milli Məclisin iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi müzakirə edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir:
"Bu qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur. Bu addım bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib".
Xatırladaq ki, qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.
***
Milli Məclisin plenar iclası keçirilir.
İclasın gündəliyinə 15 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
8. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə − "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
9. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
13. "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
14. "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
15. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).