HADİSƏ

Gəncə sakinindən binanın partlaması ilə bağlı şok iddia - VİDEO - Yenilənib

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Əvvəlcə güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi.
Bunu Gəncə şəhəri İsaq Cəfərov küçəsində partlayış baş verən beşmərtəbəli binanın sakini Yaşar Nəsibov Report-a deyib.
O, partlayışdan öncə ardıcıl ildırım çaxdığını və eşitdikləri gurultu səsinə oyandıqlarını söyləyib:
“Əvvəlcə bir neçə dəfə güclü ildırım çaxdı. Ailəliklə ildırımın səsinə oyandıq. Ardınca şiddətli gurultu eşidildi, qapı-pəncərə silkələndi. Səsin şokundan gurultunun qonşudakı partlayışın səsi olduğunu anında bilməmişdik.
Sonra pəncərədən gördüm ki, ətrafda dağıntı var. Öyrəndik ki, binada güclü partlayış olub, iki nəfər ölüb. Biz də, digər sakinlər də hələ hadisənin şokundayıq”.
***
Gəncədə partlayışda xəsarət alan bir nəfər evə buraxılıb.
Bu barədə TƏBİB məlumat verib. Yaralılardan digər iki nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.
Qeyd edək ki, daha öncə xilasedicilər dağıntılar altından dörd nəfəri çıxararaq yardım göstərilməsi üçün tibb işçilərinə təhvil veriblər.
***
Gəncə şəhərində yaşayış binasında partlayış baş verib. Hadisə nəticəisındə iki nəfər ölüb.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə zamanı həmçinin 6 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha üç nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.