BAKI, 18 oktyabr— Sputnik. Milli Məclisin iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirə edilib.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.
Bildirilib ki, layihədə təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir. Belə ki, sənədə əsasən müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi daha da asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur, icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir.
Deputat qeyd edib ki, layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq "Dövlət rüsumu haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub.
İş icazəsi nədir?
Qeyd edək ki, iş icazəsi – Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir.
Mövcud Miqrasiya Məcəlləsinə görə, Azərbaycan ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla) həyata keçirilir. İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır.
Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.