CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bələdiyyələrin sayı 684-ə endirilir - Onların maliyyəyə çıxışı artırılacaq

Deputat bildirib ki, qrantlar bələdiyyələrə daha çox vəsaitin cəlb edilməsinə və maliyyə imkanlarının genişləndirilməsinə gətirib çıxarda bilər. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, qrantlar bələdiyyələr üçün vacib maliyyə mənbələrindən biridir.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda bələdiyyələrin maliyyə resurslarına çıxışı artırılacaq. Bununla bağlı "Qrant haqqında" qanuna dəyişiklik təklif edilir. Bu dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb. Beləliklə, bələdiyyələr qrant ala biləcəklər.
"Qrantlar bələdiyyələr üçün vacib maliyyə mənbələrindən biridir"
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi yerli idarəetmənin inkişafı baxımından prioritet məsələlərdəndir: "Ona görə də bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsinə və daha çox resurslara çıxış imkanlarının artırılmasına və bu kontekstdən yalnız dövlət büdcəsindən deyil, həm də fərqli layihələrdən vəsaitlərin cəlb edilməsinə ehtiyac var. O baxımdan Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, qrantlar bələdiyyələr üçün vacib maliyyə mənbələrindən biridir".
Vüqar Bayramov
"Bələdiyyələr daha çox vəsait cəlb etməklə maliyyə potensialını artırmağa çalışmalıdır"
Deputat bildirib ki, qrantlar bələdiyyələrə daha çox vəsaitin cəlb edilməsinə və maliyyə imkanlarının genişləndirilməsinə gətirib çıxarda bilər: "Ona görə də bələdiyyələr yalnız daxili mənbələrdən qrantların cəlb edilməsinə deyil, eyni zamanda beynəlxalq layihələrdə iştirak və bununla da daha çox vəsaitlərin, donorların cəlbinə çalışmalıdırlar. Çünki bir sıra beynəlxalq qurumlar tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı proqramlar və regionda birgə layihələrin reallaşdırılması imkanları var. Ona görə bələdiyyələr bu imkanlardan da faydalanmağa və daha çox vəsait cəlb etməklə maliyyə potensialını artırmağa çalışmalıdırlar".
"Bu addım bütövlükdə yerli idarəetmənin daha da gücləndirilməsi və inkişafı baxımından vacibdir" – deputat əlavə edib.
"1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var"

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev bildirib ki, Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var:

"Bələdiyyələrin borc problemi uzun illərdir var. Borcların böyüməsinin qarşısı alınıb, lakin əvvəldən qalan borclar hələ də var. 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın dövlətə borcu var. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Bələdiyyələrin birləşməsi başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq".
"Bələdiyyələrin ümumi sayı 684-ə endiriləcək"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilib, beynəlxalq nüfuzu daha da möhkəmlənib: "Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixində ilk dəfə olaraq bu ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsinə imkan verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar müasir dövrdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli sosial-iqtisadi məsələlərin həllində onların iştirakının genişləndirilməsinə, bununla da yerli özünüidarəetmədə səmərəliliyin artırılmasına xidmət edir".
Siyavuş Novruzov
Siyavuş Novruzov qeyd edib ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir: "Bu qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur. Bu addım bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına yönəlib".
"Elə bələdiyyələr var ki, heç 2-3 nəfərin əməkhaqqısını verə bilmir"
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Sputnik Azərbaycan-a deyib ki, bələdiyyələrin yaradılmasının ilk dövrlərində bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı mükəmməl qanunvericilik qəbul olunub: "Burada bütün müddəalar öz əksini tapıb və vətəndaşların təklifi ilə bu proses həyata keçirilə bilər. İndiyədək 2 dəfə bu cür islahat həyata keçirilib və bələdiyyələr müəyyən qədər ləğv olunub, birləşiblər. Əgər əvvəllər ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdisə, indi onların sayı 1606 olub, lakin bu da çoxdur. Bələdiyyənin torpağı, mülkiyyəti yoxdursa, maliyyə vəsaiti həddindən artıq zəifdirsə, insanların yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərini həll edə bilmirsə, onda bu bələdiyyənin fəaliyyətindən danışmağa dəyməz. Ölkədə belə bələdiyyələrin sayı çoxdur. Elə bələdiyyələr var ki, heç 2-3 nəfərin əməkhaqqısını verə bilmir, hesabında heç nə yoxdur, insanlarla münasibətləri çox zəifdir".
Tahir Rzayev
Komitə sədri qeyd edib ki, işini yaxşı quran, müəyyən nəticələr qazanan bələdiyyələrimiz az deyil:

"Ancaq bələdiyyələrin sayının çox olması bu gün onların birləşməsini zərurətə çevirir. Bu da qanunauyğun haldır. Çünki yeni dövr yeni tələblər qarşıya qoyur. Daha bacarıqlı, daha qabiliyyətli insanların bələdiyyələrdə təmsil olunmasını, bələdiyyələrin fəaliyyətinin genişləndirilməsini tələb edir. Ona görə də kiçik bələdiyyələr mütləq birləşməlidirlər. Bələdiyyələr insanlarla daim təmasda olmalı, gördükləri işlər barədə vaxtaşırı öz seçicilərinə hesabat verməlidirlər".

"Bələdiyyələr vətəndaşlarla münasibətləri yaxşılaşdırmalı, öz maliyyə bazalarını möhkəmləndirməli və belə bir vəziyyətdə qarşıdakı seçkilərə getməlidirlər. Bələdiyyə seçkilərində də əhali öz təşəbbüskarlığını göstərməli, etibar etdikləri şəxsləri bələdiyyələrə seçməlidirlər", - deputat əlavə edib.
"Bələdiyyələrin büdcələri əsasən yerli vergilərlə formalaşır"
Milli Məclisin deputatı Azər Badamov da Sputnik Azərbaycan-a deyib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır: "Bu baxımdan bələdiyyələrin fəaliyyəti və yerlərdə sakinlərə xidmət göstərmələri üçün büdcələri formalaşmalıdır. Bələdiyyələrin büdcələri əsasən yerli vergilərlə formalaşır. Əhalinin sayı az olan kiçik bələdiyyələrin büdcələrinin formalaşdırılması və hər hansı bir lahiyələrin icrasında iştirak etməsi çətin olur. Ona görə də kiçik bələdiyyələr birləşməli və daha çox insanları özündə cəmləşdirməklə böyük bələdiyyələr yaranmalıdır. Ölkəmizin əhalisinin sayına baxanda 1606 bələdiyyənin mövcudluğu ölkəmiz üçün çoxdur".
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
"Əgər bələdiyyələrin sayı azalarsa, bələdiyyə büdcəsi vəsaitlərinə qənaət olunar və hər bir bələdiyyənin büdcəsinə yığılacaq vəsaitlərin həcmi də artmış olar. Bələdiyyələr də vəsaitləri cəmləşdirməklə yerli əhəmiyyətli məsələlərin mərhələli şəkildə həlli prosesində iştirak edə bilərlər. Bu baxımdan kiçik bələdiyyələrin birləşdirilməsini vacib hesab edirəm", deputat əlavə edib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər.