BAKI, 17 oktyabr — Sputnik. ABŞ dolları əsas valyutalar (avro, funt sterlinq və s.) qarşısında bahalaşır. Belə ki, ABŞ dolları əsas valyutalar qarşısında son 11 həftənin ən yüksək həddinə çatıb. ABŞ dollarının əsas valyutalara nisbətən dəyərini göstərən dollar indeksi 0,3% artaraq 103,60 bənd səviyyəsində olub.
Xarici KİV-lərin məlumatına əsasən, ABŞ dollarının bahalaşmasının səbəbi investorların Federal Ehtiyat Sisteminin uçot dərəcəsini ciddi şəkildə azaldılmasını istisna etməsi və ABŞ-də keçiriləcək prezident seçkilərində keçmiş prezident Donald Trampın potensial seçki qələbəsini qiymətləndirməsidir. Trampın vergilərin azaldılması, daha yumşaq maliyyə qaydaları planı dollar üçün müsbət qiymətləndirilir.
Məsələn, avro 0,4% ucuzlaşaraq 1,0855 dollara düşüb.
Qeyd edək ki, hazırda manatın ABŞ dollarına qarşı məzənnəsi sabitdir. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.
Mərkəzi Bankın məlumatına görə, cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6.1% artaraq 72.6 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, dollar indeksi ABŞ dollarının əsas valyutalara nisbətən dəyərini göstərir. Bu indeks Yaponiya yeni, avro, Kanada dolları, İngilis funt sterlinqi, İsveç kronu və İsveçrə frankına nisbətdə müəyyənləşir. Dollar indeksi 1973-cü ilin mart ayından bəri hesablanır.