BAKI, 16 oktyabr — Sputnik. Tovuzda kütləvi zəhərlənmə olub. Kütləvi zəhərlənmə rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alınıb. Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, kütləvi zəhərlənmə faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
"Agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək", - məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.