CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Torpaqların təyinatının dəyişdirilməsində yenilik – Heç yerə getməyə ehtiyac qalmayacaq

Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Əmlak Məsələləri Dövlət Xidməti hansı torpaqların təyinatının dəyişdirilməsinin mümkünlüyünü açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna verilmiş cavabda bildirilib ki, yeni Fərmanla torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin daha təkmil, sadə və elektron şəkildə həyata keçirilən proseduru müəyyən edilib. Bu prosedur vətəndaşlara daha rahat və şəffaf xidmət göstərilməsinə imkan yaradacaqdır.
Fərmanın icrası hansı yeniliklərə səbəb olacaq və üstünlükləri nələrdir?
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları" təsdiq olunub. Fərmanla müəyyən edilmiş yeniliklərdən biri torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləri ilə yanaşı, torpaqların kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi məsələsinin də tənzimlənməsidir.

"Fərmana əsasən, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçiləri tərəfindən həyata keçirilir. Fərmanla müəyyən olunub ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir", - məlumatda deyilir.

O da qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Torpaq Məcəlləsinin 13-cü və 13-1-ci maddələrində nəzərdə tutulan tikililərin (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilən və quraşdırılan tikililər və s.) inşası məqsədləri üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur:
"Fərmanla dövlət ehtiyacları üçün alınan torpaq sahələri, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahələri, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsindəki süni torpaq sahələri və onların kateqoriyasının əlavə proseslərdən keçmədən birbaşa dəyişdirilməsinə dair də yeni müddəalar öz əksini tapıb. Fərmanla təsdiq edilmiş qaydalarla torpaqların kateqoriyalara aid edilməsinin və onların bir kateqoriyadan digərinə keçirilməsinin yeni əsasları da müəyyən edilərək genişləndirilmiş, eyni zamanda torpaqların kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi əsasları təsbit edilib".
O da qeyd olunur ki, dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının (kateqoriya daxilində məqsədli təyinatının) dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.

"Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının (kateqoriya daxilində məqsədli təyinatının) dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunur. Torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda, mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər də torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edə bilərlər", - məlumatda bildirilir.

Qeyd olunur ki, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər bilavasitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək, Xidmət tərəfindən zəruri məlumatlar və tələblər yoxlandıqdan sonra bütün növbəti proseslər və sənəd mübadilələri elektron qaydada, vahid pəncərə prinsipi ilə həyata keçiriləcək:
"Məlumatlar dövlət torpaq kadastrına, daşınmaz əmlakın dövlət reyestrinə, torpaqların elektron kadastr uçotu informasiya sisteminə, "Elektron kənd təsərrüfatı" informasiya sisteminə, habelə rəqəmsal və kağız üzərində kadastr xəritələrinə, ərazi planlaşdırılması sənədlərinə daxil edilməsi üçün aidiyyəti üzrə elektron qaydada təqdim olunmalıdır. Fərmanla müraciətə baxılmasından imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra Xidmətə yenidən müraciət etmək imkanı da nəzərdə tutulub. Beləliklə, bu Fərmanla torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin daha təkmil, sadə və elektron şəkildə həyata keçirilən proseduru müəyyən edilib. Bu prosedur vətəndaşlara daha rahat və şəffaf xidmət göstərilməsinə imkan yaradacaqdır".
Vətəndaş müraciətlərinə elektron qaydada baxılacaq!
Fərmana əsasən, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər və onlara baxılması elektron qaydada (Fərmanın 2.1-ci bəndinə əsasən, qeyd hissəyə əlavə olunub) aparılacaq. Bu məqsədlə vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada müraciət edə bilərlər.
Vətəndaş müraciətlərini hansı tarixdən edə bilər?
Fərman 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Odur ki, vətəndaşlar həmin tarixdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.