BAKI, 16 oktyabr — Sputnik. Dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması istiqamətində işlər həyata keçirilir. Bunun üçün yeni dayanıqlı maliyyə modeli hazırlanıb.
Bunu sərnişindaşımada "Brutto müqavilə"nin tətbiqi ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavabda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, bu, maliyyə modeli özündə sərnişinlərə daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi üçün maliyyə resursları imkanlarının yaradılması və daşıyıcıların rentabelliyinin artırılmasını ehtiva edir.
Qeyd edək ki, Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.
Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. O, qeyd edib ki, yeni konsept daşıyıcılarla Brutto kontraktının bağlanılmasından ibarətdir:
"Bu barədə uzun müddət ciddi mürakirələr gedib. Təqdim etdiyimiz sistem üzrə bütün hesablamalarımız var. Sistem çox sadədir. Bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən kilometr hesabı pul ödənilir. Avropada avtobuslar "Bruto müqavilə" ilə işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o, axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur. Bizim də təqdim etdiyimiz həmin sistemdir. Onun bütün hesablamaları işlənilib. Dəqiqliklə başa düşürük ki, burda xərc nə qədər olacaq və nə baş verəcək. Təqdim etdiyimiz sistem ölkədə siyasi olaraq da dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən məsələdir" - A.Rzayev əlavə edib.
Nəqliyyat üzrə ekspertlər "Brutto müqavilə"sinin ictimai nəqliyyatda tətbiqinin məqsədəuyğun olduğunu, müsbət nəticələr verəcəyini söyləyirlər.
Sərnişindaşımada "Brutto müqavilə"nin tətbiqindən sonra xidmətin keyfiyyəti yüksələcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov söyləyib. O, bildirib ki, "Brutto müqavilə"si ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır.
Eldəniz Cəfərov bildirib ki, "Brutto müqavilə"nin tətbiqi zamanı sərnişinlərlə sərnişin daşıyan şirkət arasında bir qurum yaradılır. Gediş haqqından toplanan pullara nəzarət edən bu qurum daşıyıcı şirkətlərə hər kilometrə görə pul ödəyir:
"Brutto müqavilə"sinin üstün cəhəti ondadır ki, sərnişinlər də, sərnişindaşıyanlar da razı qalırlar. Sərnişin sayından asılı olmayaraq sutkanın müvafiq saatında xətdə avtobus olur. Bir sərnişin olsa belə daşıyıcı şirkət daşımanı intervala uyğun olaraq həyata keçirir. Özəl daşıyıcıların stabil gəliri olur. Belə olduqda sərnişindaşıyan şirkətlər də öz avtobus parkını yeniləyə bilirlər".
Nəqliyyat məsələləri üzrə digər ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi Avropa ölkələri artıq bu yeniliyə keçərək "Brutto müqavilə"nin tətbiqindən faydalı nəticələr əldə ediblər:
"Sərnişindaşımada "Brutto müqavilə"nin sərnişindaşımada tətbiqini biz də alqışlayırıq. Çünki, bu layihənin əsas məqsədi daşıyıcıları stimullaşdıraraq dəstək göstərməkdir. Daşıyıcı şirkət avtobus alır, qaraj quraraq sürücülər tapır. Bundan sonra müvafiq qurumla "Brutto müqavilə"si imzalayaraq hər kilometrə görə pul qarşılığında sərnişindaşıma xidməti göstərir. Bu zaman daşıyıcı şirkətlər daha yaxşı işləməyə cəhd edirlər. Onlar pullarını alıb keyfiyyətli xidmət göstərirlər. Bu müqavilə daşıyıcı şirkətlərin üzərinə keyfiyyətli sərnişindaşıma ilə bağlı öhdəlik qoyur".
Ekspert deyir ki, çox təəssüf ki, bəzi daşıyıcılar hələ də kart sisteminə keçməyiblər:
"Bu da yeniliyin tətbiqinə müəyyən çətinliklər yaradır. Amma "Brutto müqavilə"nin sərnişindaşımada tətbiqindən sonra daşıyıcı şirkətlər də buna maraq göstərəcəklər. Bu zaman sərnişindaşımada xidmət keyfiyyəti daha da artacaq".
Sərnişindaşıma ilə məşğul olan “Azland Plaza” MMC-nin rəhbəri Bəhruz Tağıyev isə Sputnik Azərbaycan-a bildirib ki, "Brutto müqavilə"nin sərnişindaşımada tətbiqi müsbət addımdır. Amma bunun daşıyıcı şirkətlərə xeyrinin olub-olmayacağı barədə indidən qəti fikir söyləmək mümkün deyil.
"O baxır daşıyıcı şirkətlərə ödəniləcək məbləğə. Əgər daşıyıcı şirkətə hər kilometrə normal ödəniş etsələr, əlbəttə ki, "Brutto müqavilə" ilə işləmək sərfəlidir. Çünki son illər avtobusların ehtiyat hissələri kəskin bahalaşıb. Nasaz avtobusları təmir etmək baha başa gəlir. Avropada dövlət daşıyıcı şirkətlərə "Brutto müqaviləsi" əsasında bir növ subsidiya verir. Daşıyıcı şirkət də normal xidmət göstərir. Xəttə lazımı sayda avtobus çıxarda bilir. Bizdə isə xarab olan avtobusu təmir etməyə daşıyıcı şirkətlər pul tapmır. Bu müqavilə tətbiq olunsa, hər kilometrə daşıyıcıya normal pul ödənilsə, sərnişindaşımada xidmətin keyfiyyəti də artar. Amma dediyim kimi, baxır hər kilometrə nə qədər pul ödəniləcək. Az ödənilərsə, bu, daşıyıcı şirkətlərə sərf etməyəcək. Bunun üçün dəqiq hesablamalar aparılmalıdır".
Tağıyevin sözlərinə görə, elə xətlər var ki, rentabellidir, çox gəlir gətirir, elələri də var az gəlir gətirir. Üstəlik uzun və qısa marşrutlar var. Bunlar arasında fərq qoyulmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.