"Azərbaycanda ümumi təhsil dünyəvi təhsil və din haqda təhsil modeli üzərində qurulub. Yəni, ayrı-ayrı dinlər haqqında Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif biliklər ötürülür. Bu, həyat bilgisi fənni çərçivəsində ayrı-ayrı standartlarda öz əksini tapır. Eyni zamanda bu kontekstdə digər önəmli məsələ sinif otağında müəllimin fəaliyyəti və uşaqlarla olan ünsiyyətidir. Buna faktiki nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır və eyni anda yetmiş minə yaxın sinif otağında tədris aparılır. Burada çox önəmli məsələ valideynlərin və ictimaiyyətin də nəzarətinin olmasıdır. Sinif otaqlarında dinin necə tədris olunması mühüm məqamdır. Məktəblərdə dinin tədrisi ayrı-ayrı şəxslərin şəxsi fikirləri əsasında yox, məhz dövlətin müəyyən etdiyi standartlar əsasında aparılır və aparılmalıdır".