Laçına tramvay xətti çəkiləcək, Ağdam Sənaye Parkında isə gələn ilə yer qalmayacaq
Laçının Qorçu qəsəbəsi, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır.
SputnikBAKI, 15 oktyabr — Sputnik. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində işlər səylə davam etdiriləcək.
Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O, bildirib ki, Laçın rayonunda bərpa, tikinti və idarəetmə xidməti tərəfindən layihələndirmə işləri üzrə artıq 3 müqavilə imzalanıb, daha 7 müqavilənin üzərində işlər davam etdirilir:"Laçının Qorçu qəsəbəsi, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır".
Laçında yeni nəqliyyat növü
Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, qalareya, iaşə obyektləri, konsert zalı, teatr və yaradıcılıq mərkəzləri layihələndirilərək tikilib başa çatdırılması və həmçinin elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır. Tofiq İslamov deyib ki, Heydər Əliyev küçəsi turistik zona olaraq nəzərdə tutulduğu üçün həmin ərazidən kanat xətti şəhər üzərindən Həkəri çayı kənarı bulvara qədər çəkiləcək.
Laçında 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb
Tofiq İslamov onu da bildirib ki, Laçın rayonunda 80 milyon kilovat/saatdan (kVt/s) çox "yaşıl enerji" istehsal olunub. O bildirib ki, "yaşıl enerji" strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılır:
"20 milyon kubmetrdən çox təbii qaza qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasınınn qarşısı alınıb. COP29 planına uyğun olaraq, bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işıqlandırmanı təmin edən hibrid-günəş lampaların istifadəsində öz əksini tapır".
Xidmət rəsmisi qeyd edib ki, ümumilikdə Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb: "9 fərdi ev isə günəş kollektoruna qoşulub. Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub".
Hadruta dair planlar açıqlanıb
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev deyib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində istirahət yerlərinin, meydanın, çay bağçasının, açıq sərgi sahəsinin, uşaq oyun meydançalarının, kitabxananın, meşə yolunun, 64 yerlik avtomobil dayanacağının və sair infrastrukturun yaradılması nəzərdə tutulub.
"Hadrutda bərpa işləri davam etdirilir. Qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur. Həmçinin 4 ədəd 2 mərtəbəli, 4 mənzilli yeni yaşayış binasının tikintisi nəzərdə tutulur ki, hazırda onların layihələndirilməsi aparılır. 1 ədəd 1 mərtəbəli poçt və rabitə binasının təmir edilərək müasir səviyyədə yenidən qurulması planlaşdırılıb. Bundan əlavə 1 ədəd 2 mərtəbəli market və restoran binasının, eləcə də 1 ədəd 3 mərtəbəli otel binasının təmir edilərək müasir üslubda bərpa olunması nəzərdə tutulub. Hazırda Hadrut qəsəbəsində həyata keçiriləcək bərpa-tikinti işlərinin layihələndirilməsi aparılır" - o, qeyd edib.
Xidmət rəsmisi qeyd edib ki, yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla - hotel, mədəniyyət mərkəzi, aptek kimi istifadə ediləcək: "İşğaldan azad edilmiş Tuğ kəndinin vacib turizm məntəqəsi olduğunu nəzərə alınaraq, burada avtomobil dayanacağı yaradılacaq. Məhz buna görə planlaşdırılan işlərə Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxil edilib. Kənddə ilkin fazada 30 fərdi yaşayış evi, 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası bərpa ediləcək".
Füzulinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır
Səbuhi Abdullayev deyib ki, Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir. Onun sözlərinə görə, şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib:
“Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Həmçinin Füzulidə Özbəkistan Respublikası tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan Respublikası tərəfindən inşa olunmuş ‘’ Kurmqanqazı Uşaq yaradıcılıq Mərkəzi ‘’ də fəaliyyət göstərir. Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli kəndində bərpa işlərinə başlanılır”.
Səbuhi Abdullayev həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb: "Bu kənd "Ağıllı kənd’’ layihəsi kimi sistemləşdiriləcək və kənddə alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı , Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir”.
Ağdərə şəhərində 190 fərdi yaşayış evi tikiləcək
Ağdərə şəhərində də 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Bunu da keçirilmiş tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev bildirib.
Onun sözlərinə görə, Xocalı şəhərində 56, rayonun Malıbəyli və digər kəndlərində isə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur. "Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir", o, əlavə edib.
Mehdiyev onu da qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət qurumunun əməkdaşları orada məskunlaşıb:
"Eyni zamanda, Qarabağ Universiteti fəaliyyətə başlaması ilə 1200 tələbə şəhərdə məskunlaşıb".
"Gələn il Ağdam Sənaye Parkında yer qalmayacaq"
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy isə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Ağdam Sənaye Parkının ərazisinin 60 %-i artıq dolub.
O, "bu sənaye parkına maraq böyükdür. Gələn il orada yer qalmayacaq", deyə qeyd edib.
Agentlik rəsmisi həmçinin deyib ki, bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayıb:
"Həmin müəssisələr Parka ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə iş yerlərinin sayının 456-ya çatdırılması nəzərdə tutulur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.