BAKI, 14 oktyabr — Sputnik. Nüvə silahının tam qadağan edilməsi və qəti şəkildə məhv edilməsi bütün bəşəriyyətin ümumi maraqlarına cavab verir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.
2024-cü ildə Nobel Sülh Mükafatı Yaponiyanın Xirosima və Naqasaki partlayışlarından sağ çıxanlar təşkilatı "Nixon Xidanke"yə verilib. Bundan sonra ABŞ prezidenti Co Bayden dünyanın nüvə arsenalının tamamilə ləğvi üçün səy göstərməli olduğunu bildirib, həmçinin ABŞ-ın bu istiqamətdə Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazır olduğunu təsdiqləyib. Lakin ABŞ hökuməti öz nüvə triadasının inkişafı və gücləndirilməsi üçün əhəmiyyətli xərclər barədə susub.
"Biz müvafiq açıqlamalara diqqət yetirmişik. Çin həmişə nüvə silahının tam qadağan edilməsi və tamamilə məhv edilməsi tərəfdarıdır, eləcə də nüvə silahından azad dünyanın yaradılması bütün bəşəriyyətin ümumi maraqlarına cavab verir", Mao Nin qeyd edib.
1945-ci ilin avqustunda amerikalı pilotlar Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıblar. Atom partlayışı və onun nəticələri Xirosimada 350 min əhalidən 140 minini, Naqasakidə isə 74 mini öldürüb. Atom bombası qurbanlarının böyük əksəriyyəti mülki şəxslər olub. Faciəli hadisələrin ildönümündə - 6 və 9 avqustda - hər il Xirosima və Naqasakidə "Sülh mərasimləri" keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.