BAKI, 13 oktyabr — Sputnik. Demək olar ki, hər kəs - yorğun ofis işçiləri, idmançılar və gənclər zaman-zaman enerji içkiləri içirlər. Yalnız qazlı içkiləri biz uşaqlıqdan litrlərlə içirik. Hətta bu içkilərin faydalı olmadığı barədə yayılan məlumatlar belə bizi bu pis vərdişlərdən yayındırmır.
Bu barədə gigiyena mütəxəssisi Tatyana Bratskaya məlumat verib.
Eyni zamanda, bu yaxınlarda Roskaçestvo tərəfindən aparılan araşdırma enerji içkilərində həddindən artıq miqdarda şəkər olduğunu üzə çıxarıb. Braziliyanın implant məsələlərini öyrənən tibb sahəsi haqqındakı jurnalının alimləri isə qazlı içkilərin həddindən artıq içildiyi halında dişlərin eroziyasına, kariyesə və bərpa materiallarının zədələnməsinə səbəb olduğunu söyləyiblər.
Profilaktik stomatologiya sahəsi üzrə ekspert Tatyana Bratskaya enerji içkilərinin kariyesin yaranmasına necə təsir etdiyini də izah edib.
"İlk növbədə, bu, təbii ki, şəkərin təsiridir. O, ağız boşluğunda yaşayan bakteriyalar üçün qidalanma zəmini rolunu oynayır. Kariyes ilə əlaqəli olan əsas bakteriyalardan biri də "Streptococcus mutans" şəkəri aktiv şəkildə turşulara çevirir. Bu turşular dişdə mikroskopik zədələr yaradaraq onun mina qatını məhv etməyə başlayır", həkim qeyd edib.
Ekspert həmçinin bildirib ki, enerji içkilərinin tərkibində dadlandırıcı müxtəlif turşular var. Onlar ağız boşluğunun pH səviyyəsini aşağı salmağa kömək edir, bu da dişin mina qatının demineralizasiyasına səbəb olur. Turşuların daimi təsiri dişlərdə kariyesi yaradaraq onların mina qatını zədələyir, çünki zədələnmiş mina qatı dişləri xarici təsirlərdən effektiv şəkildə qoruya bilmir.
"Bundan əlavə kofeini də qeyd etmək lazımdır. Enerji içkilərində yüksək miqdarda kofeinin olması da diş sağlamlığına mənfi təsir göstərə bilər. Kofein sidikqovucu təsirə malikdir ki, bu da bədənin susuzlaşmasına, o cümlədən tüpürcək istehsalının azalmasına səbəb olur. Tüpürcək turşuların neytrallaşdırılmasında və dişlərin remineralizasiyasında əsas rol oynayır. Tüpürcək ifrazının azalması ağız boşluğunda turşuluğun artmasına və kariyes riskinin artmasına gətirib çıxarır. Azalmış tüpürcək ifrazı ağız qida qalıqlarının çıxarılmasına və turşuların neytrallaşmasına mane olur ki, bu da diş sağlamlığı üçün əlavə təhlükə yaradır.
Nə etmək lazımdır?
Əlbəttə ki, ilk öncə enerji içkilərini içməmək lazım olduğunu deməliyik. Ancaq vaxtaşırı bəzi qaydalara əməl edərək onları içmək mümkündür:
1. Pipet vasitəsilə için. Bu, içkinin dişlərlə təmasını minimuma endirməyə və müvafiq olaraq dişin mina qatının zədələnmə riskini azaltmağa kömək edəcək.
2. Qazlı və ya enerji içkisi içdikdən sonra ağzınızı su ilə yaxalayın. Bu, qalan şəkər və turşunun yuyulmasına kömək edəcək, həmçinin ağız boşluğunda turşu mühitini qismən neytrallaşdıracaq.
3. Bu içkiləri içdikdən dərhal sonra dişlərinizi fırçalamayın! Dişlərinizi fırçalamadan əvvəl 30-60 dəqiqə gözləyin ki, tüpürcək pH səviyyəsini bərpa etsin və fırçalama zamanı dişin mina qatının zədələnməsinin qarşısını alsın.
4. Tərkibində ftor olan diş məcunundan istifadə edin. Ftor dişin mina qatını möhkəmləndirməyə və dişləri kariyesdən qorumağa kömək edir, buna görə də ftor tərkibli diş məcunundan istifadə turşuların və şəkərlərin təsirini kompensasiya edir.