BAKI, 13 oktyabr — Sputnik. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xatirələrində Rusiya ilə bağlı hisslərini bölüşərək, ölkəyə sevgisinin Dostoyevskinin əsərlərini oxumaqla başladığını bildirib.
Bu barədə “RBC” yazıb.
O, yeniyetmə ikən ilk dəfə Rusiyaya məktəb səfəri zamanı baş çəkib. Burada Conson Moskva, Leninqrad və Baltikyanı respublikaları gəzib.
"Qonşular otelimizin divarlarını döyməyə başlayana qədər biz araq içir, "Kalinka" və digər mahnıları oxuyurduq" - Conson xatirələrini bölüşüb.
O, həmçinin qeyd edib ki, onun Rusiya mənzərələri, səsləri və hətta Sovet dövründən qalan qəribə, lakin dadlı dondurma haqqında parlaq xatirələri onunla eyni səfərdə olan Suindonlu qızın ürəyini qazanmaq cəhdləri ilə bağlıdır.
“Mən Rusiyaya oranın dilinə, mədəniyyətinə, ədəbiyyatına və rəssamlığına görə aşiq oldum” - o əlavə edib.
Daha əvvəl məlumat verilmişdi ki, Conson Rusiya xarici işlər naziri Sergey Lavrovu “günümüzün Qromıkosu” adlandırıb.