CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evlərə "yaşıl işıq": Kupça hansı tikililərə veriləcək?

Sakin ümidini prezidentin bugünlərdə imzaladığı yeni fərmana bağladığını söyləyib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Mən 2005-ci ildən Binəqədi qəsəbəsində ev tikmişəm. Torpağı kənd sakinlərindən alsam da, bugünədək evimi sənədləşdirə bilməmişəm. Buna səbəb Binəqədi qəsəbəsindəki ərazilərin "Binəqədi Oil" şirkətinin ərazisi hesab olunmasıdır. Hara müraciət etsən cavab verirlər ki, evimin yerləşdiyi yer saziş ərazisinə düşür. Buna görə də evimə illərdir ki, sənəd ala bilmirəm.
Bu sözləri Sputnik Azərbaycan-a 19 ildir ki, evini sənədləşdirə bilməyən paytaxt sakini Esmira Nuriyeva bildirib. Sakin deyir ki, bu qəsəbədə inşa olunan evlər qaz, su, işıq xətti ilə təmin olunsa da, saziş ərazisinə düşdüyündən evlərinə sənəd ala bilmirlər. Halbuki, sözügedən ərazidə nə neft çıxır, nədəki bir neft quyusu, neft mancanağı var.
Sakin ümidini prezidentin bugünlərdə imzaladığı yeni fərmana bağladığını söyləyib.
Qeyd edək ki, bugünlərdə Azərbaycanda "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Bəs görəsən bu sənəd qanunsuz inşa olunmuş tikililərin sənədləşdirilməsinə imkan yaradacaqmı?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, neft çıxardılan ərazilərdə inşa edilən qanunsuz tikililərin sənədləşdirilməsi uzun çəkən prosesdir. Çünki, bunun üçün ərazi hüdudları dəqiqləşdirilməlidir.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev
Amma ekspert bildirib ki, SSRİ dağıldıqdan sonra bağ ərazilərində yaşayış massivləri, qəsəbələr salınıb. Sözügedən fərman belə ərazilərdə yerləşən evlərin sənədləşdirilməsinə imkan yarada bilər:

"Bakı və Abşeron ərazilərində üzüm, badam bağları olub. Pay torpaqları paylandıqdan sonra həmin ərazilərdə evlər inşa edilib, bağların yerində böyük yaşayış massivləri, qəsəbələr salınıb. İndiyədək qanunvericilik bu torpaqların təyinatının dəyişdirilməsinə imkan vermirdi. Amma artıq yeni fərmanla bu, mümkün olacaq".

E.Fərzəliyev bildirir ki, bununla belə hər vətəndaşın ayrı-ayrılıqda evinin altındakı torpağın təyinatının dəyişdirilməsi üçün müraciət etməsi çətindir:
"Üzüm, badam və sair kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilən evlərin sənədləşdirilməsi üçün ərazi icra nümayəndəliyi, yaxud bələdiyyələr müraciət etməlidir. Çünki, elə sənədlər var ki, onları toplamaq vətəndaş üçün 10 il vaxt tələb edir. Həmin məlumatların hamısı müvafiq qurumlardadır. İcra nümayəndəlikləri, bələdiyyələr toplu şəkildə bu qəsəbələrdəki evlərin sənədləşdirilməsi üçün bütün zəruri sənədləri toplayaraq torpağın təyinatını dəyişdirə bilər. Belə ərazilərdə torpağın təyinatının dəyişdirilməsinə başqa dəlil-sübuta ehtiyac yoxdur. Böyük qəsəbənin salınması, yaşayış zonasına çevrilməsi, həmin ərazinin təkrarən kənd təsərrüfatı məqsədilə istifadəsini mümkünsüz edir. Belə ərazilərdə evlərin sökülməsindənsə torpağın təyinatının dəyişdirilməsi daha məqsədəuyğundur".
Ekspertin fikrincə, "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" işğaldan azad edilmiş ərazilərdə də əvvəl kənd təsərrüfatı məqsədilə istifadə edilən, amma indi əkinə yararsız torpaqlara da şamil ediləcək. Həmsöhbətimiz bildirir ki, işğaldan azad olunmuş ərazilərdə bu torpaqlardan başqa məqsədlə istifadə etmək üçün mütləq onların təyinatı dəyişdirilməlidir.
Ekspert deyir ki, hazırda yüksək gərginlikli xətlərin, avtomobil və dəmiryollarının mühafizə zolaqlarında, eləcə də neft çıxardılan ərazilərdə minlərlə sənədsiz ev var.
Fərmanda isə göstərilib ki, neft və qaz hasilatı istisna olmaqla, faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən işlərinin həyata keçirilməsi üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi icra oluna bilər.
"Ərazidən faktiki olaraq neft çıxmasa da, o torpağın təyinatının dəyişdirilməsi bir qədər çətin məsələdir. Yeni fərmanla neftdən başqa, kənd təsərrüfatı təyinatı torpaqların təyinatının dəyişdirilərək həmin ərazilərdəki evlərə sənəd verilməsi mümkün olacaq. Ümumilikdə sənədsiz evlərin hamısının sənədləşdirilməsi üçün əmlak aministiyası imzalanmalıdır", Elnur Fərzəliyev söyləyib.
Xatırladaq ki, Azərbaycanda "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Bu Qaydalar torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir. Bu Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Məlumat üçün bildirək ki, ölkə ərazisində 500 mindən artıq qeydiyyatsız, sənədsiz ev, tikinti mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin