CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Baktelekom"dan internet almaqdan imtina edənlərə yeni cəza

"Baktelekom"dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ev telefonlarına xidmətin dayandırılması, həmin xətlərin sıradan çıxması ilə bağlıdır.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Bakı şəhər sakini Amal Abuşov internet xidmətindən imtina etdiyi üçün onun ev telefonuna göstərilən xidmət də dayandırılıb. Bu şikayətlə Amal Abuşov Sputnik Azərbaycan-a müraciətində bildirib. Amal Abuşov deyir ki onun ev telefonuna xidmətin dayandırıldığı barədə "Baktelekom"a şikayət edib.
"155 "qaynar xətt"indən mənə bildiriblər ki, 27 manat ödəyib internet xidmətindən yararlanacağım təqdirdə ev telefonuna xidmət göstəriləcək. Halbuki, mən oktyabr ayının ev telefonun aylıq abunə haqqını əvvəldən ödəmişəm. Buna baxmayaraq, heç bir xəbərdarlıq edilmədən ev telefonumu kəsiblər. Zəng vurub səbəbini soruşduqda, 155 qaynar xəttindən bildirdilər ki, "internetə qoşulmasanız ev telefonunuz işləməyəcək. Yaxud da ki, 110 manata bizdən modem almalısız". Mən onlara müqaviləmizin olduğunu xatırlatsam da, əhəmiyyət vermədilər. "Baktelekom" istehlakçı hüquqlarını kobud şəkildə pozmağa davam edir. Əvvəl internetin qiymətini artırdılar, indi də onlardan internet almayanların ev telefonunu kəsirlər", deyə şikayətçi bildirib.
Sputnik Azərbaycan vətəndaş şikayətini "Baktelekom"a yönəldib. "Baktelekom"dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ev telefonlarına xidmətin dayandırılması, həmin xətlərin sıradan çıxması ilə bağlıdır.
"Uzun illər istifadədə olan mis xətlərin köhnəlməsi, sıradan çıxması, dövrün tələblərinə cavab verməməsi və hazırda bərpası üçün texniki imkanın məhdud olması səbəbindən yaşadığınız ərazidə köhnə texnologiya vasitəsilə göstərilən telekommunikasiya xidmətlərinin təqdim edilməsi qurumun texniki imkanları xaricindədir. Lakin hazırda qurum tərəfindən mis xətlər üzərindən təqdim edilən rabitə xidmətlərinə alternativ olaraq GPON texnologiyası əsasında telekommunikasiya şəbəkəsinin qurulması və həmin şəbəkə üzərindən fiber-optik xətlər vasitəsilə daha keyfiyyətli telekommunikasiya xidmətlərinin (telefon, internet və s.) təqdim edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə – "Aztelekom" abunəçilərindən "170", "Baktelecom" abunəçilərindən "155" qısa nömrəsinə müraciət etmələri xahiş olunur".
Qurumdan yalnız internet almayan vətəndaşların ev telefonuna xidmətin dayandırıldığını təsdiqləməsələr də, bu problemin ancaq "Baktelekom"un internet xidmətindən imtina edən abunəçilərdə yaşandığı danılmazdır. Əgər səbəb mis xətlərin köhnəlməsi olsaydı, eyni problem "Baktelekom"dən internet alan abunəçilərdə də yaranardı.
Xatırladaq ki, bundan əvvəl də "Aztelekom" MMC-nin internetin qiymətinin bahalaşmasından sonra internet xidmətindən imtina etmək istəyən abonentlərin cərimələndiyi barədə məlumat yayılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin