BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanda elektrikli avtomobillər üçün enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti uzadılır. Bu, Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq. Sənəd Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib. İndiyədək elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azad edilmişdi.
"Hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib"
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azadolması nəzərdə tutulur: "Yeni dəyişikliyin elektrikli avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir. Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən yeni qaydalar, sahibkarlar tərəfindən elektrik enerji doldurucularının idxalına və satışına marağı daha da artıracaq".
"Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq, elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər" - deputat əlavə edib.
Tarif Şurası: "Qiymət dəyişikliyi hibrid, elektrik mühərrikli avtomobillərə keçidi sürətləndirəcək"
Qeyd edək ki, Tarif (qiymət) Şurasının bu ilin iyununda keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Şuranın məlumatına əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib:
"Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçıların elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır. Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır".
Şöbə müdiri: "Dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir"
Bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır:
"Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır".
Elektrikli avtomobil idxalı artır
Xatırladaq ki, Azərbaycanın elektrikli avtomobil idxalı artır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında 1971 ədəd yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәri ölkəyə idxal edilib. Bu da illik müqayisədə 9,3 faiz çox deməkdir.
İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi keçən ildən məhdudlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!