BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanda Cinayət Məcəlləsinə "Ekosid" anlayışı əlavə edilir və bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Cinayət Məcəlləsinə təklif olunan yeni "Ekosid" adlı maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir: "Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır".
Deputatın dediyinə görə, sənəd beynəlxalq cinayətlər kateqoriyasına təcavüz, soyqırım, müharibə cinayətləri kimi insanlıq əleyhinə cinayətlərlə yanaşı yeni – ekosid cinayətinin daxil edilməsini nəzərdə tutur. O, BMT-nin COP29 tədbirinin Bakıda keçirilməsi ərəfəsində belə bir addımın atılması ölkəmizin ətraf mühiti bəşəri dəyər kimi qorumasının əyani təzahürü kimi dəyərləndirib.
N.Səfərov qeyd edib ki, işğalçı Ermənistan özünün də qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq 30 ilə yaxın bir müddətdə Azərbaycanın ekoloji sisteminə uzunmüddətli və bir çox hallarda bərpaolunmaz ziyan vurub, ətraf mühiti planlı şəkildə qəsdən məhv edib. Ermənistan indi də transsərhəd suları davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirməklə ölkəmizə qarşı bu əməllərini davam etdirməkdədir.
"Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın ekoloji sisteminə qarşı ekosid cinayətinin törədilməsi probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək bildirib ki, bu əməl digər beynəlxalq cinayətlərlə yanaşı, Ermənistanın dövlət olaraq beynəlxalq məsuliyyətini, ayrı-ayrı şəxslərinin cinayət məsuliyyətini şərtləndirir" - deputat bildirib.
Qeyd edək ki, sənəd Milli Məclisdə birinci oxunuşda qəbul olunub.